Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin ilk iclası keçirilib. Dünyanı bürümüş COVİD-19 səbəbindən videotoplantı şəklində keçən ilk iclasa  CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib.
Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərovun da iştirak etdiyi iclasda 2020-2024-cü illərdə fəaliyyət göstərəcək komissiyaların tərkibi müəyyənləşib. Azərbaycan Voleybol Federasiyasının 3 namizədi - Regional İnkişaf Mərkəzinin direktoru Nərgiz İsmayılova - Avrokuboklar Komissiyasına, Azərbaycan Voleybol Federasiyasının həkimi Vüsalə Kazımova - Avropa Tibb Komissiyasına, AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman - Avropa İdman Təşkilatı Komissiyasına üzv seçilib.
Cənab Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev hər zaman ölkəmizin daha da inkişaf etməsi üçün bütün sahələrə böyük diqqət göstərib. Ölkə idmanı və idmançılarımız həmişə bu diqqəti hiss ediblər. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan bu gün dünyada, Avropada idman ölkəsi kimi tanınır.
Azərbaycan Voleybol Federasiyasının prezidenti cənab Cavid Qurbanov da AVF-yə rəhbərlik etdiyi gündən ölkəmizdə idmanın bu növündə intibah dövrü yaşanır. O, voleybolumuzun daha da yüksəklərdə olması üçün müvafiq tapşırıqlar verir və hər bir komandanı, oyunçunu belə diqqətdə saxlayır. Bu da milli komandalarımızın uğurlu sabahına hesablanıb.
Beynəlxalq qurumların ölkəmizə inamı da Azərbaycan Voleybol Federasiyasının məqsədyönlü siyasətinin və inkişafının bariz nümunəsidir. Çünki daha öncə də CEV ölkəmizə daim etimad göstərib. Həmişə beynəlxalq oyunları Azərbaycana çəkinmədən verən qurum oktyabrın 16-da da AVF-yə güvənini ortaya qoyub. Avstriya paytaxtı Vyanada baş tutan 41-ci Baş Assambleyada AVF-nin baş katibi Cəlil Cəfərov CEV İdarə Heyətinə üzv seçilib. Xüsusilə C.Cəfərovun həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürən, lakin uduzan estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gəlməsi ölkəmizin beynəlxalq qurumdakı nüfuzunun sayəsində reallaşıb. Cəlil Cəfərovun CEV İdarə Heyətinə üzv seçilməsi voleybol tariximizə ilk kimi düşüb.