“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- İlk hissəni yaxşı keçirdik, sadəcə, ikinci hissədə vəziyyət bir az fərqli oldu. Situasiya bəllidir. Bundan sonra diqqətimizi futbolçuları daha yaxşı vəziyyətə gətirməyə yönəlməlidir. Bizdən və rəhbərlikdən çox şey asılıdır. Futbolçularımızın yanında olmalıyıq. Bu gün də komandamıza inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımız var. Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Çempionat təzə başlayıb, görünür ki, gərgin mübarizə olacaq. İndi futbolçuların yanında olub, bu uğursuzluğu aradan qaldırmalıyıq.

- Sıx qrafikin olmasından şikayət edirdiz. Milli komandanın oyunundan sonra 3 oyundur ki, qələbə qazana bilmirsiz...
- Bunu bilmək üçün bilik lazım deyil. Sadəcə, sıx qrafikdəyik və məncə, bu, hələ başlanğıcdır. Avroliqanın qrupuna düşsək, ondan sonra çox ağır rejim olacaq. Xüsusilə də, millidə oynayan futbolçular üçün də ağır olacaq. Zubirin, Romeronun zədəsi var. Hücum xəttində itkilərimiz var. Belə qrafik olanda da ikiqat zərbə vurur. Bu oyuna hazırlaşmaq həqiqətən çətin idi. İlk hissədə oyun bizim nəzarətimizdə idi, amma get-gedə yorğunluq hiss olunmağa başladı. Bunları deməklə, "Neftçi"nin haqqına girmək istəmirəm. Bizim komandamızda yorğunluq olması öz problemimizdir.

- Hücum xəttindəki problemi necə aradan qaldırmağı düşünürsüz?
- Bu gün tək hücumçuya yox, bir neçə futbolçuya ehtiyacımız var. Heyətdə dəyişiklik üçün. Bəzən düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb deyə, hücumçu almır. Qətiyyən belə deyil. Bu gün Zubir və Romero olsaydı, belə problem çox görünməyəcəkdi. Mahirin də hazırkı durumu - psixoloji gərgin olması ikinci hücumçuya ehtiyac yaradırdı. Zubir və Romero olsaydı, bunu həll etmək olardı. Axtarışlarımız davam edir, ancaq yenilik yoxdur.

- Rəqibin ikinci qolunda oyundankənar vəziyyət var idimi?
- Oyunun gedişatında gördüyümüz o idi ki, oyundankənar vəziyyət var idi. Yan xətt hakimi öz işinin öhdəsindən hər zaman layiqincə gəlir. Oyundankənar vəziyyət olduğu deyilirdi. Olsa belə, yan xətt hakiminə heç nə deməyəcəm. Ola bilər ki, səhv olsun. Bəlkə, saniyə məsələsi idi ki, gecikdi. Amma indi bu, nəticəni dəyişmir və biz məğlub olmuşuq. (komanda.az)