Biz kimə inanaq, Rəhim Həsənov?
- 20:27
- 84
Ədalət yaxşı şeydir. Ona görə ki, hamı üçün eynidir, hamıya eyni gözlə baxır.
Əliyar Ağayevin yol verdiyi səhvlərə görə "Turan" əziyyət çəkib. Klub faktiki finaldan, bəlkə də kubokdan, dolayısı ilə Avropa Liqasından olub. Buna sözüm yoxdur. Heç kimin də sözü ola bilməz. Heç Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun da olmadı. Təsdiqlədi, dedi ki, hakim səhv qərarlar verib. Bu səhvlərə görə "Turan"ın prezidenti Ehtiram Quliyevin də emosional çıxışının da beləcə əsaslı olduğunu öyrəndik. Bura qədəri aydındır.
Mənim diqqət yetirmək istədiyim şey başqadır. Əliyarın səhv etdiyini deyən şəxs Rəhim Həsənovdur. Bu adam Hakimlər Komitəsinin sədridir və məntiqlə daha kompetent, sözünün çəkisi daha çox olan tərəfdir, səhvə yol verməməli, ikibaşlı danışmamalıdır. Amma belə deyil. Həsənov oxşar epizodlara bir dəfə bir, bir dəfə də başqa cür izah verməklə həm bizi, həm də "yetirmələrini" - hakimləri çaş-baş qoyur. Bir matçda "bu penaltidir", digərindən "penalti deyil" deyirsənsə, ya özün qaydaları bilmirsən, ya da məqsədin başqadır.
Məsələn. Son Ruan Renato epizodunda Əliyar Ağayev VAR-a çağırılmağına baxmayaraq, penalti vermədiyi qərarda qalır. Ancaq Rəhim bəy geniş izah verərək burda nöqtəyə göstərilməli olduğunu deyərək həmkarını səhv çıxarır. Ola bilər. Amma həmin Həsənov öncəki turlarda eyni epizoda fərqli şərh vermişdi. Nümunə, "Karvan" - "Neftçi" matçı. Orada da Ağayev qayda pozuntusu qeydə almamış, VAR-a çağırılandan sonra 11 metrlik cərimə zərbəsi təyin etmişdi. Ancaq maraqlıdır ki, turdan sonra HK sədri Əliyarın səhv etdiyini demişdi. Daha doğrusu, VAR-dan çıxan qərarı səhv saymışdı: “VAR epizodu yoxlayır, mümkün penalti olduğundan hakimi monitoru izləməyə dəvət edir. Hakim monitoru izlədikdən sonra Neftçinin qapısına penalti təyin edir. Hakimlər komitəsi hakimin qərarının yanlış olduğunu təsdiq edir. Qaydalara əsasən oyunçu havada olarkən topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etmədiyi üçün bu vəziyyət qayda pozuntusu kimi dəyərləndirilmir”.
Onda belə çıxır ki, Əliyar cərimə verməməklə düz etmişdi. Elədirsə, Renatonun epizoduna da sənin verdiyin tövsiyəyə uyğun olaraq qərar verən hakim niyə bu dəfə səhv çıxır? Bu müddətdə nə dəyişdi?
Yaxud məlum, dumanlı “Şamaxı” – “Neftçi” matçı. Mən o vaxt da demişdim, indi də təkrarlayıram ki, həmin penal uydurma idi, sözün hər iki mənasında havadan düzəldilmişdi. Həmin turdan sonra sədr bu epizodu belə şərh etmişdi: “Hər iki komandanın futbolçusu mübarizə aparmaq üçün havaya qalxır. “Neftçi”nin oyunçusu topa toxunmazdan əvvəl əlindən qeyri-qanuni şəkildə istifadə edərək, rəqibin üz nahiyəsinə dirsəklə zərbə endirir. VAR mümkün penalti epizodu ilə bağlı hakimi monitora baxmağa dəvət edir. Hakim epizodu izlədikdən sonra düzgün qərar verərək penalti təyin edir. Hakimlər Komitəsinin epizodla bağlı şərhi belədir: Oyunçu mübarizə zamanı əl və ya qolundan rəqibə qarşı qeyri-qanuni şəkildə istifadə edərsə, bu hal qayda pozuntusu və intizamsız davranış kimi qiymətləndirilir”.
Bu da əvvəlkindən fərqli izah oldu. İndi biz kimə, daha doğrusu, nəyə, hansı təfsirə inanaq?
Qismətin də epizodu eynidir. Rəhim bəy deyir ki, “Hakimlər Komitəsinin bu epizoda şərhi belədir: Top hər iki futbolçunun mübarizə aparmalı olduğu məsafədədir və hər iki oyunçu ayağını top istiqamətinə aparır. “Zirə”li oyunçu ayağını yuxarıdan aşağı apararaq, topla təmas yaradır və ardınca düşüncəsiz hərəkətlə rəqibin ayağını tapdalayır. Əvvəlki verilişlərdə də dediyimiz kimi oyunçu topa təmasdan sonra rəqibə qarşı düşüncəsiz hərəkət edərsə, qayda pozuntusu təyin edilməli, oyunçu sarı vərəqə ilə cəzalandırılmalıdır. Bu səbəbdən Hakimlər Komitəsinin bu epizodda gözləntisi penalti və sarı vərəqədir".
Yaxşı izahdır, məntiqlidir. Bəs cəmi 2 həftə əvvəlki “Kəpəz” – “Qarabağ” matçındakı epizod?
Kamillo Durana qarşı aşkar qayda pozuntusuna görə hakim heç nə verməmiş, rəhbərlik də bunu doğru qəbul etmişdi. İzah da belə verilmişdi: “Hakimlər Komitəsinin bu epizoda şərhi belədir: Oyunçu topa toxunduqdan sonra rəqibin ayağına ehtiyatsız toxunarsa, qayda pozuntusu kimi dəyərləndirilmir. Yalnız o halda qayda pozuntusu qeydə alınır ki, oyunçu topa toxunduqdan sonra rəqibinə qarşı düşüncəsiz şəkildə zərbə endirər".
İndi biz hansı izahı qəbul edək? Topa toxunduqdan sonra ehtiyatsız hərəkət nədir, nə deməkdir? Durana qarşı epizod penal deyildisə, Millerə qarşı epizod niyə penaldır? Ya da əksinə.
Hər turdan sonra veriləcək şərh aydınlıq gətirmək əvəzinə qarışıqlıq yaradacaqsa, bu şərhi verməsək, yaxşıdır. Çünki hər dəfə bir avaz eşidəndə ağıla müxtəlif fikirlər gəlir.