Əhsən, "Kəpəz"! - şərh
- 19:29
- 35
Gəncədən xal aparmaq "Qarabağ" üçün də çətindir. Avrokuboklarda tarix yazan komanda da bu şəhərdən 3 xal gətirə bilmədi. Hətta 1 xaldan da ola bilərdi.
Dolu tribunalar hər iki komandanı ilk dəqiqələrdən hücuma getməyə məcbur etmişdi. Belə ab-havada müdafiə olunmaq mümkünsüz idi. Xüsusilə meydan sahibləri aktivlik nümayiş etdirir, favorit rəqibindən qorxmadıqlarını göstərirdilər.
Qurban Qurbanov heyətdə həm dəyişikliklərə, həm də yerdəyişmələrə getmişdi. Bəhlul Mustafazadənin uzun fasilədən sonra məhz bu matçda geri dönməsi lap yerinə düşdü. Təcrübəli müdafiəçi bir neçə dəfə komandasını real qoldam xilas etdi, birində isə top lap qapı xəttindən çıxartdı. Silvanın sol, Muaddibin sağda görünməsi də gözlənilməz idi. Bu baş məşqçinin hələ də axtarışda olması, mövqelər və oyunçular üzrə konkret qərar verməkdə çətinlik çəkdiyini göstərir. Qurbanovun komandası üçün hələ yazda başlatdığı yenidənqurmanın heç yarıya da gəlib-çıxmadığı görünür. Bunun nə qədər davam edəcəyi isə qeyri-müəyyəndir.
"Kəpəz" isə öz minimal resurslarına güvənirdi. Azər Məmmədovun sərəncamında ulduz futbolçular yoxdur. Bu səbəbdən mütəxəssis mövsümün startından bu yana formalaşmış optimal heyət və strukturla yoluna davam etməlidir. O, resursları 90 dəqiqəyə düzgün bölməli idi ki, belə də oldu.
Matçın ilk 60 dəqiqəsini rahatlıqla "Kəpəz"on aktivinə yaza bilərik. "Qarabağ"ın oyunçularının hücumda sürətli çoxala bilməməsi, məhz ön xətdəki anlaşma səviyyəsini aşağı olması gəncəliləri daha ürəkli oynamağa sövq edirdi. Şanslar vardı. Xüsusilə Stınenin epizodu matçın taleyini həll etməyə bəs edərdi, orda həm qapıçı, həm də Bəhlul yaxşı oynadı. İkinci yarının əvvəlindəki epizodu da bura əlavə etsək, "Qarabağ"ın bəxtinin gətirdiyini də deyə bilərik. Aşkar bəxtləri gətirdi.
Təbii ki, meydan sahiblərinin gücü sərhədsiz deyil. Son 30 dəqiqədə meydanda üstün tərəf "Qarabağ" idi, "Kəpəz" isə gücünü əks-hücumlarda sınayırdı. Qurbanov əvəzetmələrlə orta və ön xətti yeniləyərək gücləndirdi, amma ümumi hücum potensialı çox da artmadı. Cinahlarda Sefas və Kaşukun aktivliyi yalnız cərimə meydançasına girənə qədər olurdu. Sonrakı yanlış ötürmələr, hücumda düzgün mövqe seçilməməsi bütün cəhdləri boşa çıxarırdı. Qələbənin əldən çıxmasına görə ağdamlı futbolçuların əsəblərinə hakim ola bilməməsi də son dəqiqələrdə "Qarabağ"ın köklənməsini pozması faktoru da gözdən qaçmadı.
Nəticədə gözəl futbol atmosferində qolsuz bərabərlik qeydə alındı.
Bu "Qarabağ" üçün daha bir ağır xal itkisi, liderlik mübarizəsində daha bir maneə oldu. Digər tərəfdən 4 oyundur qol vura bilməyən Ağdam təmsilçisi üçün bu gün bu da yaxşı nəticə sayılmalıdır. "Qarabağ" əməlli-başlı qapının yolunu unudub.
"Kəpəz"ə isə əhsən! Gəncə təmsilçisi öz azarkeşlərini arxasına alaraq irəli getməyə, mövsümün kəşfi olmağa davam edir.