
Bilbaoda böyük gecə
- 10:21
- 48
Bu mövsüm bizim üçün xüsusi rəngə boyanan Çempionlar Liqası qaldığı yerdən davam edir. Yaxşı yerdə qalmışıq. Təmsilçimiz maksimum xalla liderlər qrupundadı, nəhənglərə qonşuluq edir. Bu gün də yeni sınağa çıxıb bu qonşuluğun müddətini uzatmağa çalışacaq. Asan olmayacaq, çünki rəqib "Atletik"di. Bilbaonun və ümumilikdə bask xalqının fəxri.
Baskoniyanın şir ürəyi
Bu klubun xüsusi təqdimata ehtiyacı yoxdu. Baskoniyanın, bask xalqının milli komandasıdı, bu torpağa aidiyyatı olmayan heç kəsi komandaya götürmürlər, tarixən belə olub, belədi, yəqin ki bundan sonra da belə olacaq. Buna görə hörməti haqq edirlər, çünki bu yolla uğur qazanmaq çox çətindi. 1898-ci ildə yaradılan bu klub, "Real" və "Barselona" ilə birlikdə heç vaxt İspaniya La Liqasını tərk etməyən 3 klubdan biridir. "Şirlər"in bura 8 dəfə çempion olmalarını, 25 dəfə ölkə kubokunu, 3 dəfə də Superkuboku qazanmalarını, iki dəfə də Avroliqanın finalında oynamalarını da əlavə etsək, necə böyük bir klub olduqları aydınlaşar. Ənənələrinə sadiq qalan, öz dəst-xətti, siyasəti, fəlsəfəsi olan klub, Avropada istənilən rəqibə başağrı ola biləcək, möhkəm, ciddi, heç vaxt mübarizəsiz, döyüşsüz təslim olmayan bir komandadı "Atletik". Belə kollektivlərə qarşı oynamaq hər futbolçu, hər məşqçi, elə azarkeşlər üçün də böyük fəxr və təcrübədi.
"Qarabağ" kimi oynayırlar
Gəlin, tarix, ənənə, bu kimi meydandankənar məqamları elə buradaca bitirib, birbaşa keçək işin mahiyyətinə. “Atletik”in ənənəvi 4-2-3-1 sistemiylə meydana çıxır. Düzülüş olaraq belədir, ancaq heyət tam olanda cinahlarda Niko və İniyaki Uilyams qardaşlarının oynadığını nəzərə alsaq, bu, əksər hallarda 4-3-3-ə çevrilir. Hücumda dəqiq bu cürdür. Ümumiyyətlə, Valverdenin 2022-ci ildə qayıdışından sonra bilbaolular La Liqada rəqibləri üçün ən narahat komandaya çevriliblər. Enerji dolu, çox qaçan, sərt pressinq edən, işi çox qəlizləşdirmədən, yəni açıq, düzünə oynayan kollektivdilər. "San Mames"də onlara qarşı oynamaq xüsusilə çətindi. Dinamik və intensiv futbolla rəqibi təzyiq altında saxlayır, qərar vermək üçün macal tanımırlar, bu da qonaqların çoxsaylı səhvlərinə gətirib çıxarır. "Atletik" yüksək pressinqə nümunə göstəriləcək komandalardan... idi. Ona görə "idi" ki, yuxarıda qeyd olunanların bu sezona aidiyyatı demək olar ki, yoxdu. Kağız üzərində belədi, amma reallıq başqadı. Ötən mövsüm fırtına kimi əsən "Atletik"in "burulğanı"nın gücü səngiyib.
Ernestonun komandası
Burda baş məşqçi Ernesto Valverde barədə haşiyəyə çıxmaq lazımdı. O, "Atletik"in beyni, meydandan kənardakı kapitanıdı. 61 yaşlı mütəxəssis bu mövsüm bu klubda 3 hissəyə - 2003/04–2004/05, 2013/14–2016/17 və 2022/23 - bu günə qədər - bölünmüş 10-cu mövsümünə başlayıb. Uğursuzluq limiti böyükdü, klub tarixində ən çox oyun keçirmiş baş məşqçi kimi "Qarabağ"la qarşılaşmanın nəticəsindən asılı olmayaraq işini davam etdirəcək. Ötən mövsüm "Atletik"i liqada 4-cü yerlə ÇL-ə daşıyan da, Avroliqada yarımfinala gətirən də odur.
Həmin “Atletik” deyil
Qayıdaq meydana. Ötən mövsümü yüksək səviyyədə keçirən və bu mövsümə də eyni qrafiklə başlayan Bilbao təmsilçisi, təxminən ayyarımdı özünə bənzəmir. Nə oyun, nə də nəticə olaraq gözlənilənləri vermirlər. La Liqada son 7 matçda cəmi 1 qələbələri ("Malyorka"ya qarşı, 2:1) var, ÇL-də isə hər iki matçda uduzublar. Düzdü, nəhənglərin yarışında rəqiblər daha güclü olub, "Arsenal"la "Borussiya"nı "Elçe" və "Alaves"lə tərəzinin eyni gözünə qoymaq olmaz. Amma məğlubiyyət məğlubiyyətdi və onun sayı çox olanda bu bir seriyaya çevrilir. Bu seriyanın yaranma səbəbi həm də digər seriya - zədələr seriyasıdı. Ardıcıl sıradançıxmalar Valverdenin planlarını o qədər pozub ki, "Atletik" az qala hücum komandasından orta templi, nəticəyə oynayan, az vurub az buraxan bir komandaya çevrilib. Xüsusilə Niko Uilyamsın olmaması baş məşqçini duruma görə oynamağa məcbur edib. İş o yerə çatıb ki, ekspertlər bilbaoluların bugünkü matçda 2 top vurmasını bu komanda üçün çox yaxşı nəticə hesab etdiklərini vurğulayırlar. Hətta bəziləri "Atletik"in ehtiyatlı başlayacağı, 1 top vurub əks-hücuma bel bağlayacağını belə proqnozlaşdırırlar. Qəribə gəlsə də, bu proqnozlar qəribə sayılmamalıdı. "Atletik"in hücum potensialı var, amma bunun üçün güc ehtiyatı yetərli deyil.
Nikolu və Nikosuz
Adlarla da baxaq. Niko Uilyamslı "Atletik"lə onsuz "Atletik" arasında dağlar qədər fərq var. 70 milyon avroluq sürət və driblinq ustası, hamının istədiyi bir vingerdi. Arxasında Beriçiçe oynayan və məhz onun köməyi ilə sərbəstlik əldə edən Niko xüsusilə təhlükəlidi. Amma futbolçu formada deyil. Zədədən qayıdıb, tam hazır olmaq imkanı olmayıb. Son "Elçe" matçında da az oynadı, özünü "Qarabağ"a saxladı. Ancaq böyük ehtimalla, bizimlə matçda da 100 faizlik Nikonu görməyəcəyik. Birdən-birə tam 90 dəqiqə intensiv oyuna hazır deyil və bu riskə nə özü, nə də məşqçisi getməz. Oynadığı 45-60 dəqiqədə oyunun taleyini həll edə bilərmi? Şübhəsiz. Ümid edək ki, belə olmayacaq. Sağ cinahda yeni alınan Areso ilə Berengerin, hazır olanda İniyakinin tandemi yaxşı alınır. Biri atletik hazırlıqlıdı, digəri isə texnikası ilə üstünlük əldə edir. Bir sözlə, "Atletik"in cinahları ən təhlükəli nöqtələridi. Bilbaoluların orta xətti də dinamik oyunçulardan qurulduğundan onlar hücuma aludə olan cinah oyunçularını yaxşı sığortalaya bilirlər. Bununla rəqib qapısına təzyiqin davamlılığını təmin edir, mümkün əks-hücumları "beşikdə boğurlar". Komandanın gücü məhz bu “hücum-orta xətt cütlüyü”nün birgə, sinxronlaşdırılmış fəaliyyətindədi.
“Axilles dabanları” da var
Arxa xətt? Bizim ümid yerimizdi. Hücumda əla olan "Atletik"in zəif nöqtəsi - "Axilles dabanı" məhz müdafiə, xüsusən də onun mərkəzidi. Baxmayaraq ki, orda Laport kimi təcrübəli və Vivian kimi çevik, yapışqan futbolçular yer alırlar, ikisinin anlaşma məsələsində hələ də problemlər var. Asmalar, standart vəziyyətlərdə mövqe seçimi, həmçinin rəqibin ən ön xətdəki intensiv pressinqi zamanı fərdi səhvlərə yol verə, real qol imkanları hədiyyə edə bilirlər. Bu mövsüm buna çox şahidlik eləmişik. Təbii ki, topu qabağa vurub müdafiənin səhvlərini gözləmək sadəlövhlük olardı. Öz oyunumuzu oynamalıyıq.
Necə oynamalı?
Çətin sualdı. Biz hələ də Valverdenin oyuna necə başlayacağını dəqiq bilmirik. Komandasının fiziki hazırlığının yaxşı olmadığını, bəzi futbolçularının formadan uzaq olduğunu bilən mütəxəssis seçim qarşısındadı: ehtiyatlı başlamaq və yavaş-yavaş sürəti artıraraq istəyə nail olmaq, ya da ilk 20-25 dəqiqə pressinqlə qol və ya qollar vurub, sonra geridən oynamaq. Hər iki ssenari bizim üçün çətinlik yaratmaz, çünki yaxın keçmişdə “izləmiş”, ikincini "Benfika", birincini isə "Kopenhagen"lə sınaqdan keçirmişik, uğurlu da alınıb. Düşünürəm ki, Qurban Qurbanov hadisələrin istənilən formada gedişatına hazırdı. Hazır sistemi var, ona güvənərək nəticə qazanmağa çalışacaq. Doğrusu da budur. Yeganə narahatedici məqam hücumun sivri ucudu. Məncə, bu matçda həmin mövqedə olan oyunçu mütləq forvard özəllikləri olan birisinin olması vacibdi. Yeganə ad Nəriman Axundzadədi. Rəqibin müdafiə xəttini təzyiqdə saxlamaq, həmçinin ələ düşən şanslardan yerindəcə yararlanmaq üçün atletik hazırlığı yaxşı olan və qolçu özəllikləri olan biri meydanda olmalıdı. Kamillo Duran bu profildə biri deyil. “Turan”la matçda birinci hissədə ruh kimi gəzən kolumbiyalı, fasilədən sonra cinaha çəkilərək komandasının hər iki qolunda iştirak etdi, yaradıcısı oldu. Bunu Hoca da gördü. Yankoviç startda çıxmazsa, Duranı sağda, Axundzadəni isə hücumun mərkəzində görə bilərik. Marko startda olsa, bu iki oyunçudan biri, böyük ehtimalla elə Kamillo ehtiyata düşəcək. Təbii ki, Nərimanın fiziki durumu azı 60 dəqiqə oynamağa imkan verirsə. Ümumiyyətlə, bu matçın taleyi 2-ci hissədə, təxminən 60-75-ci dəqiqələrdə həll olunmalıdı. Startdakı tempin səngidiyi vaxtda məşqçilərin müdaxilələri və bu müdaxilələrin hansının ən qısa zamanda effekt verməsi həlledici rol oynaya bilər. Komandalar bir-birini yoracaq, taqətdən salacaqlar. Yeganə çıxış yolu dözməkdi.
Növbəti zəfər şansı
Bir tərəfdə heyətində dünya səviyyəli ulduzları olan və möhtəşəm “San Mames”də öz azarkeşləri qarşısında oynayacaq “Atletik”, digər tərəfdə isə bütün futbol dünyasını heyrətləndirmiş və bu sürprizini davam etdirmək istəyən, onlarla bu cür “deplasman” görmüş, təcrübəli “Qarabağ” dayanır. Çox maraqlı, hər saniyəsi gərginliklə dolu bir matç izləyəcəyik. Nəticəni proqnozlaşdırmaq çətindi, amma ümidimiz böyükdü. Əminliklə söyləyə bilərəm ki, biz bu “Atletik”lə indi yox, məsələn, 1 ay sonra oynasaydıq, şansımız heç 20 faiz də olmayacaqdı. Çünki həmin vaxta qədər “şirlər” “yaralarını sağaldacaq”, güc toplayaraq daha iddialı vəziyyətə çatacaqdılar. İndi isə bu belə deyil. Biz bir də bu cür “Atletik”lə heç vaxt oynamayacağıq. Zərif, xal itirməklə düşdükləri durumu daha da qəlizləşdirmək, hətta məğlubiyyətlə pley-off şanslarının üstündən xətt çəkmək qorxusu olan bilbaoluların bu nisbi ürkəkliyindən yararlanmalıyıq. Oyunöncəsi açıqlamalarında da görünür ki, bizdən qorxmasalar da, hörmət edirlər, çəkinirlər. Bundan istifadə etmək, dünyanın diqqəti bizdə olmuşkən zəfərlər sırasına Bilbaonu da əlavə etmək gözəl olardı.
Yazar haqqında
