Azərbaycan güləşçilərindən DÇ-də daha 2 medal
- 20:20
- 33
Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal əldə edib.
Rekord.az xəbər verir ki, o, finalda ABŞ-dən olan Kayl Deykə 2:3 hesabı ilə məğlub olub.
Azərbaycanın digər sərbəst güləşçisi Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb. O, bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baitsayevi məğlub edib.
Digər güləşçilərdən İslam Bazarqanov (57 kq) yarımfinalda Spenser Liyə (ABŞ) uduzub. Cəbrayıl Hacıyev (79 kq) isə 1/4 finalda türkiyəli Okan Taxtaçını məğlub etsə də, yarımfinalda iranlı Məhəmməd Noxodlarimiyə uduzub. Buna baxmayaraq hər iki güləşçi sabah təsəlliverici görüşə çıxacaq.
Turan Bayramov təsnifat mərhələsində Georgi Elbakidzeni (Gürcüstan) 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finalda Qazaxıstan təmsilçisi Nurkoja Kapanova uduzub. Lakin N.Kapanov finala yüksəldiyi üçün T.Bayramov təsəlliverici görüşə çıxacaq.
92 kq çəki dərəcəsində yarışan Ali Tsokayev 1/8 finalda Recep Haydarini (Makedoniya) məğlub etsə də, 1/4 finalda Trent Hidliyə (ABŞ) uduzub. Lakin T.Hidli finala yüksəldiyi üçün A.Tsokayev də təsəlliverici görüşdə mübarizə aparmaq hüququ qazanıb.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.