“Bəzi mövqelərdə güclənməyə ehtiyacımız var” - Azər Məmmədov
- 16:00
- 16
"Kəpəz" komandasının bəzi mövqelərdə güclənməyə ehtiyacı var.
Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə bildirib.
Mütəxəssis "Qəbələ"yə uduzduqları yoxlama matçından (1:2) sonra açıqlama verib:
"İlk hissədə əsas heyət üzvlərinə şans verdik. Futbolçular çalışdılar, tapşırıqları yerinə yetirməyə cəhd göstərdilər və ümumilikdə pis təsir bağışlamadılar. Qarşıda bizi daha bir neçə yoxlama görüşü gözləyir. Məqsəd oyundan-oyuna inkişaf etmək, çatışmazlıqları aradan qaldırmaq və komandanın oyununu daha da təkmilləşdirməkdir. Bu matç göstərdi ki, bəzi mövqelərdə güclənməyə ehtiyac var. Həmin mövqelərə uyğun futbolçuların transferi istiqamətində iş aparırıq. İnanıram ki, heyəti tam formalaşdırdıqdan sonra istədiyimiz komandanı quracağıq".
A.Məmmədov yoxlama matçının ikinci hissəsində gənclərə, akademiyanın yetirmələrinə şans verdiklərini söyləyib:
"Onlardan bəziləri əsas komandanın heyətində ilk dəfə meydana çıxırdılar. Təbii ki, həyəcan hiss olunurdu və bu, normaldır. Buna baxmayaraq, onlar özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar".