Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə stadionunda Vətən müharibəsi şəhidi Pərvin Əliyevin doğum günü ilə əlaqədar şəhidlərimizin xatirəsinə həsr olunmuş futbol üzrə yoldaşlıq görüşü təşkil olunub.
Rekord.az xəbər verir ki, yarışda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Şahin İsmayılov, Beyləqan rayonu üzrə gənclər və idman sektorunun müdiri Sənan Quliyev, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov və digər idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti də iştirak ediblər.
Yoldaşlıq görüşündə Qəhrəmanlı və Birinci Şahsevən futbol komandaları qarşılaşıb. Yarış şəhidlərimizin əziz xatirəsinə ehtiramın təcəssümü olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun və milli qürur hissinin daha da möhkəmləndirilməsi məqsədi daşıyıb.