Berdıyev üçün atalar sözü
- 12:47
- 179
Çoxları “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin komanda üçün yaratdığı şəraitə həsəd aparar. Qərb təmsilçisi Quliyevin maddi dəstəyi ilə son bir neçə ildə xeyli inkişaf edib. Tovuzdakı stadionun ot örtüyü təbii qazonla əvəzlənib. Düzdür, tələskənlik komandanı azarkeşlərindən ayrı salıb. Yeni qazon özünü tutmamış orda oyun keçirildiyindən sürətlə sıradan çıxdı. Bərpa işlərinin həyata keçirilməsi üçün komanda yenidən Bakıya köçdü, “Azərsun Arena”da özünə “yuva” qurdu.
Köçmək demişkən, “Turan Tovuz”un Bakının Kürdəxanı qəsəbəsində də müasir tələblərə cavab verən bazası var. Onu da Ehtiram Quliyev tikdirib. Bununla da “Turan Tovuz” Bakıda öz bazasında məskunlaşmaq, məşq etmək imkanı qazanıb. Heç kimə sirr deyil ki, Tovuzdakı stadionun örtüyü orda oyun keçirməyə imkan verəndə də komanda əsasən Bakıda olurdu, yalnız ev oyunlarına bir gün qalmış qatar vasitəsiylə doğma rayona yollanırdı. Oyundan dərhal sonra da futbolçular və məşqçi heyəti paytaxta qayıdırdı. Bunun özü də bir ətək puldur ki, Quliyevin səxavəti bu cür bahalı layihələri də həyata keçirməyə imkan verir.
Klub rəhbərinin yaradılan şərait qarşılığında “Turan Tovuz”dan nəticə gözləməsi də təbiidir. Mövsümün əvvəlində Ehtiram bəy komandanın qarşısında çempionluq tələbi qoyanda çoxları bunu utopiya, tələsik açıqlanmış hədəf adlandırdı. Qış fasiləsinə qədər keçən dövr ərzində “Turan Tovuz”un sərgilədiyi oyun və qazandığı nəticələr də bu tələblə uyğunlaşmadı. Xüsusən də baş məşqçi Kurban Berdıyevin seçdiyi və sevdiyi praqmatik oyun fəlsəfəsi futbolu sevən tovuzlu azarkeşlərin ürəyincə olmadı. Heç idman jurnalistləri və mütəxəssislər də bu cür cansıxıcı oyunu bəyənmirdilər. Özü də türkmən baş məşqçinin komanda qurmaq üçün xeyli zamanının olduğu, ixtiyarına da özünün bəyənib-seçdiyi legionerlərin verildiyi bir dönəmdə.
Maraqlıdır ki, qış fasiləsindən sonra da komanda ilə görüşən Ehtiram bəy hədəflərin dəyişmədiyini bildirdi. Bəs reallıq bu gözləntilərlə üst-üstə düşürmü? Əlbəttə ki, bu suala birmənalı cavab vermək çətindir. Düzdür, “Turan Tovuz” hazırda 3-cü pillədədir. Amma bunun “Zirə”nin qeyri-sabit oyunu, “Neftçi”nin hədəflərindən uzaq düşməsi sayəsində baş verdiyi heç kimə sirr deyil. Mən hələ “Araz Naxçıvan”la “Sumqayıt”ı demirəm. Bu iki komanda da azı üçüncü pilləyə iddiaçıdır və zaman-zaman irəliyə boylana bilirlər. Deməli, “Turan Tovuz”un 3-cü pillədəki yeri belə təmin olunmayıb. “Qarabağ”la “Sabah”ın çempionluq mübarizəsinə “Turan Tovuz”un müdaxilə etməsi isə mümkünsüz görünür. “Sabah” Berdıyevin komandasından 13, “Qarabağ” isə 9 xal öndədir.
Bütün bunların fonunda Berdıyevin acığını azərbaycanlı hakimlərdən çıxmağa çalışması, tez-tez onlarla münaqişəyə girməsi heç də xoş mənzərə deyil. Qələbə qazanmaq, irəli getmək üçün qol vurmaq lazımdır. “Turan Tovuz”un ən məhsuldar futbolçusu Santos bombardirlər siyahısında 4 qolla 16-cı yerdədir. Buna hakimlər neynəsin? Berdıyevlə Yunis Hüseynovun son kubok qarşılaşmasında hakimlərlə davamlı mübahisə edib, ehtiyat oyunçular skamyasından qovulması isə “Turan Tovuz” üçün həm maddi, həm də mənəvi mənada ciddi itki deməkdir. Bu cür davranışlara nə gərək var?!
Atalarımız “qonşun pisdir, köç qurtar, dişin ağrayır, çək qurtar” deyib. Amma hakimlər pisdirsə, nə etmək lazım olduğu barədə məsəl yoxdur. Sadəcə, futbol oynamaq, rəqiblərdən güclü olmaq lazımdır. Hə, bir də atalar deyib ki, pis rəqqas rəqs meydançasının darlığından şikayət edər.