Azərbaycanlı gənc futbolçuya Xorvatiyadan rəsmi dəvət
- 17:55
- 30
Azərbaycanlı gənc futbolçu Kamran Babazadə Zaqreb "Dinamo"sunun akademiyasının skaut-məşqçi korpusunun diqqət mərkəzinə düşüb. "Rekord.az" xəbər verir ki, 14 yaşlı vunderkində məxsus olduğu "Şəfa" FK vasitəsilə rəsmi dəvət məktubu gəlib.
Sınaq məşqlərində iştirakla bağlı olan bu dəvəti futbolçunun atası, "Xankəndi" FK-dan yaxşı tanıdığımız klub meneceri Rəşad Babayev də təsdiqləyib.
Rəşad bəy bildirib ki, bu məsələ ilə birbaşa FİFA lisenziyalı futbol agenti və hüquqşünas Katarina Kosiç məşğuldur və onun təqdimatı ilə Zaqreb klubunun skautları dərhal hərəkətə keçiblər. Xeyli sayda video-görüntülərə baxdıqdan sonra, mütəxəssislər Kamranın yaşından çox irəli rahat futbol oynadığını, kifayət qədər texnikalı, top kontrolu və top hissiyatı yüksək səviyyədə, meydanda zəkasından çox yaxşı istifadə edə bilən, ağıllı qərarlar verən, sürətli driblinqləri, qol duyumu olan bir futbolçu olduğu barədə rəy veriblər.
Məhz bundan sonra klubun idman direktoru Qoran Vlaoviç Kamran Babazadəni Xorvatiyaya dəvət etmək istədiklərini Katarina Kosiçə bildirib.
Lakin məsələnin narahatedici tərəfi də var. Dünyanın ən yaxşı akademiyasından rəsmi dəvət almış Kamran Babazadənin Xorvatiyaya səfər etməsi üçün lazım olan maliyyəni tapmaq hələlik mümkün olmur. Ailənin hazırkı maddi durumu buna yol vermir.
Qeyd edək ki, Kamran Babazadənin ilk məşqçiləri bir vaxtlar "Sabah" FK-da işləmiş Namiq Həsənov, ondan sonra isə bir müddət "Ordu" uşaq futbol klubunda Elvin Həsənov olub. Ardınca Məhərrəm Müslümzadənin başçılıği ilə "Sabah" FK-ya cəlb olunan Kamran burada 2021-2022-ci illər mövsümündə U-10 respublika çempionu olub. Rəşad bəyin bildirdiyinə görə, Məhərrəm Müslümzadənin Kamranın yaxşı futbolçu kimi yetişməsində xüsusi əməyi var. Daha sonra fərqli klubların heyətində Respublika çempionatlarının hamısında iştirak edən Kamran Babazadənin ən son klubu, bu il Birinci Liqa çempionu olub Premyer-Liqaya çıxan "Şəfa" futbol klubudur. Kamran 2025-2026-cı illər mövsümündə son yarım ili icarə əsaslarında U14 liqasının play-off mərhələsinə yüksəlmiş "Baku Sportinq" U14 klubunda keçirib. Futbolçu hazırda müqavilə ilə "Şəfa" FK-ya aiddir.