“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində “Ayaks”a qarşı keçirdikləri oyun haqda danışıb.


Rekord.az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyəti belə şərh edib:


“Öncə rəqibi təbrik etmək istəyirəm. Oyuna gəldikdə, düzünü desəm, futbolçularımdan razı qaldım. Bu qədər sürətli, qol epizodlu oyunlar nadir hallarda olur. Lakin bura Çempionlar Liqasıdır. İstənilən nəticəni gözləmək olar. “Ayaks” 5 oyunda edə bilmədiyini bu gün etdi. Bu gün azarkeşlər də, biz də bərabərlik haqda düşünmürdük. Qalibiyyət barədə fikirləşirdik. Azarkeşlərə təşəkkür edirəm. Futbol bayramı idi. Sadəcə, qələbə çatmadı. Belə nəticələrə hazır olmaq lazımdır.


İlk qollarda bir az diqqətsiz olduq. Sonra rəqibin ustalığı ön plana çıxdı. Buraxdığımız sonuncu qolda Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Qarşılaşmanın sonlarında bəlkə də yorğunluq da var idi və sürətdə məğlub olduq.


Çox yaxşı qol şanslarımız oldu. Amma yararlana bilmədik. Rəqib bizə nisbətən daha yaxşı yararlandı. Sonradan meydana girən futbolçulardan tam razı qalmadım. Daha yaxşı ola bilərdilər. Sadəcə, bu gün alınmadı".


Baş məşqçi Nəriman Axundzadənin oyununa da toxunub:


"Onunla bağlı çox müzakirələr gedir. Özüm də nə deyəcəyimi bilmirəm. Hansısa fikir bildirsəm, azarkeşə qarşı çıxmış olacağam. Daha yaxşı oynaya bilərdi. Bu, sonradan meydana girən digər futbolçulara da aiddir. Bəlkə də həddindən artıq istəkli olmağımız bizi yordu".