Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatına yekun vurulub.


Rekord.az xəbər verir ki, sonuncu yarış günündə 5 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.


Finaladək bütün görüşləri vaxtından əvvəl qələbəylə başa vuran Yusif Abdullayev (38 kq) son qarşılaşmada da ənənəsinə sadiq qalıb. Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələn həmyerlimiz Avropa çempionu olub.


Elman İsmayılov (41 kq) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabıyla uduzub və gümüş medalı boynundan asıb.


Məhəmməd Kərimov (44 kq) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gələrək bürünc medal qazanıb.


Adəm Quliyev (52 kq) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabıyla məğlub olub və yarışı ikinci pillədə başa vurub.


Yusif Hüseynov (62 kq) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinovu üstələyib – 5:0.


Beləliklə, sərbəst güləş millimiz qitə birinciliyində 6 medal əldə edib. Xatırladaq ki, ödən gün Elvin Necəfzadə (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.