“Qarabağ” dünən Avstriyanın Tirol bölgəsinə hazırlıq üçün yola düşdü. “Köhlən atlar” orda həm yeni avrokubok mövsümünə hazırlaşacaq, həm də Premyer Liqaya. Geridə qoyduğumuz mövsümdə çempionluğu əldən verən, “Sabah”ı özündən irəli buraxan “köhlən atlar”ı irəlidə çox ağır və məsuliyyətli dövr gözləyir. Klub rəhbərliyi də bunun fərqindədir. Heç də təsadüfi deyil ki, transfer bazarında da fəallıq başlayıb, “Qarabağ” heyəti gücləndirmək üçün az qala hər gün yeni legionerin gəlişini açıqlayır. 


Bütün bunların fonunda Elvin Cəfərquliyevlə bağlı müəmmalar da davam edir. Azarkeşlər ölkənin ən yaxşı futbolçularından birinin, bəlkə də birincisinin gələcək taleyindən narahatdır. Onunla klubun və baş məşqçi Qurban Qurbanovun arasında nəyin baş verdiyini bilmirik. Amma hər kəsə gün kimi aydındır ki, Elvin yaxşı keçirdiyi mövsümdən sonra intizamsızlığa yol verib, bununla da Qurban Qurbanovun “səbr kasası”nı daşırıb. Mövsüm bitməmiş futbolçu əsas heyətdən uzaqlaşdırıldı, hətta bir neçə dəfə Maksim Medvedevin rəhbərliyi altında əvəzedici komandayla meydana çıxdı.


Sözsüz ki, yaşananlar təkcə azarkeşləri yox, elə Elvinin özü ilə “Qarabağ” tərəfini də narahat edirdi. Futbolçu öz gələcəyindən, klub isə yeni səviyyəyə çıxardığı Cəfərquliyevi itirəcəyindən narahat idi. Məlum məsələdir ki, futbolda bu cür hallar yaşanır və müqaviləsi davam edən futbolçunu satışa çıxaran klub da onun keçidinə görə pul tələb edir. Həmin futbolçunu heyətinə qatmaq istəyən də tələb olunan məbləği ödəyir, keçid rəsmiləşir. Lakin Elvin Cəfərquliyevlə bağlı məsələ fərqli oldu. Bu “düyün” aylarla davam etsə də, ona görə xərcə düşüb, “Qarabağ”ın tələb etdiyi məbləği ödəmək istəyən tapılmadı. İstər xarici klublardan, istərsə də yerlilərdən kimsə sinəsini irəli vermədi.


Yəqin ki, siz də Elvinin son günlər susqun olduğunu, daha əvvəlki kimi atmacalı paylaşımlar etmədiyini hiss edirsiz. Münaqişənin ilk günlərində futbolçu fərqli davranış sərgiləyirdi. Şişmiş əzələlərini nümayiş etdirirdi, sonra isə başqa formada atmacası ilə gündəmə gəlirdi. Bu proseslər həmin vaxt baş verirdi ki, Cəfərquliyevin adı hər gün fərqli bir klubla gündəmə gəlirdi. Mətbuat Elvini gah Avropaya göndərirdi, gah da qonşu Türkiyəyə. Ara-sıra “Neftçi”nin “Qarabağ”dan ayrılmaq istəyən futbolçunu transfer edəcəyi, bununla da gücünə güc qatacağı deyilirdi. Bunların heç birisi reallaşmadı.


Mürəkkəb vəziyyət yaranıb və Cəfərquliyev çıxılmaz bir labrintdədir. Elvin özünü göylə aparıb, bu dəqiqə hansısa xarici kluba transfer olunacaqmış kimi davranırdı. İşin əslində isə heç kim ona görə xərcə düşmək həvəsində deyil. “Qarabağ” isə tam peşəkar davranaraq Cəfərquliyevi pulsuz buraxmaq istəmir. Ayxan Abbasov da millinin sonuncu toplanışı ərəfəsində mesajını açıq verdi: “Elvin özünə klub tapmalı, oynamalıdır”. Klubunda oynamayan futbolçunu heç də hər dəfə milliyə çağırmırlar. Milliyə çağrılmayan, klubunda oynamayan futbolçu isə yavaş-yavaş dəbdən də düşür, gözdən də. 


Hər şey əslində bu qədər sadədir. Elvin reallığı düzgün qiymətlədirməli, qərarını verməlidir. Gedəcəksə, getməli, qalacaqsa qalmalıdır. Amma o şərtlə ki, göydən yerə ensin, istedadını düzgün dəyərləndirib gücünü futbol meydanlarında göstərsin. Sosial şəbəkələrdə və trenajor zallarında yox.