"Neftçi" haqda yazacağıma söz vermişdim. Yeni mövsümün geridə qalan üç turu bu komanda üçün uğurlu olmadı. Ən azı nəticə baxımından azarkeşlərin narazılığı tam başadüşüləndi. 3 oyuna 2 heç-heçə, 1 məğlubiyyət. Hansı ki, rəqiblərdən ikisi elitada qalmaq üçün oynayan "Şamaxı" və "İmişli" olub. "Turan Tovuz"a məğlubiyyət də evdə baş verib. Bir "Neftçi" azarkeşi bu nəticədən necə razı qala bilər? Təbii ki, razı qalmayacaq. Bu mənada tənqidləri də, narazılıqları da normal qarşılamaq lazımdı. Bundan sonra nə etmək lazımdı? Təbii ki, vəziyyəti düzəltmək. Bunun üçün isə zaman lazımdı. Yazının bundan sonrakı hissəsi ilə yəqin ki, çoxları razılaşmayacaq. Ancaq yuxarıda da qeyd etdim, bütün narazılıqları və əks fikirləri təbii qəbul edəcəm.


Bəli, "Neftçi" ilk 3 turda nəticə olaraq, istəniləni əldə etmədi? Bəs oyun baxımından necə? Düşünürəm ki, bu baxımdan durum heç də bərbad deyil. "Neftçi" hər üç oyunda rəqiblərindən üstün oynadı. Həm topa sahib olmada, həm qapıya zərbələrdə, həm də təhlükəli epizodlar baxımından.


"Şamaxı" ilə oyunda Sekin qaçırdığı real epizod, "İmişli" ilə matçda Sambunun iki metrdən topu boş qapının üstündən vurması, "Turan Tovuz"la oyunda Kenan uşağın belə etməyəcəyi səhvi, Riberonun yersiz yerə aldığı qırmızı vərəqə, bunlar hamısı nəticələrə birbaşa təsir edən səhvlərdi.


Mövsümün əvvəlində də demişdim, "Neftçi"nin heyətində çox yaxşı futbolçular var, yeni alınan futbolçuların da keyfiyyəti yaxşıdı. Məsələn, biz durub "Şamaxı" və "İmişli"də forma geyinən legionerlərin ümumi səviyyəsini, bazar qiymətini "Neftçi"də forma geyinən legionerlərlə müqayisə edə bilmərik. Əgər bu gün "Neftçi" həmin komandaları məğlub edə bilmirsə, deməli səbəb var. O səbəb isə təbii ki, baş məşqçi Samir Abasov və komandası tərəfindən aradan qaldırılmalıdır. Ki, bunun üçün Samirin özünə də vaxt verilməlidir. Mənim Samir, onun məşqçilik bacarığı haqda fikirlərim məlumdu və dəyişməz olaraq qalır. Mənə görə Samir Abasov Azərbaycanda 3 ən güclü yerli məşqçidən biridir. Həmişə onun haqda müsbət nə isə yazanda bunu sumqayıtlı faktoruna bağlayanlar olur, amma qətiyyən belə deyil. Mən zamanla Tərlan Əhmədovu da dəstəkləmişəm, hansı ki, bəzi gəncəlilər buna görə mənə "Tərlançı" deyirdi. Amma mövsümün sonunda Əhmədov komandanı Premyer Liqada saxlayanda və ondan sonra göndəriləndə "Kəpəz" rəhbərliyini ən çox elə məni "Tərlançı" adlandıranlar tənqid etdi.


Həmçinin Ayxan Abbasovu da davamlı dəstəkləyirəm, U-21-ə baş məşqçi təyin olunanda ilk təbrik edənlərdən oldum.


Azər Bağırov da dəstəklədiyim məşqçilər sırasındadı, onun "Kəpəz"dən göndərilməsini ən səhv qərarlardan sayıram, bu gün də bu fikirimdə qalıram. Tərlan, Ayxan, Azər də sumqayıtlı deyil ki. Sadəcə, Azərbaycanda bacarıqlı və işləməsini vacib hesab etdiyim 3-4 məşqçi var ki, onlardan biri də Samirdi.


Bəzən belə fikirlər olur ki, Samir zəif məşqçidir, Samir "Neftçi"lik məşqçi deyil filan, gəlin belə danışaq da, "Neftçi"lik məşqçi" anlayışı nə deməkdi? "Neftçi" "Real" deyil, "Bavariya" deyil ki, gedib Qvardiolanı, Kloppu gətirəsən. Bəli, Azərbaycanın ən köklü klubudur və SSRİ vaxtı SSRİ çempionatında davamlı oynadığı üçün bütün Azərbaycanda milli komanda səviyyəsində azarkeşlik edilib. Müstəqillik dönəminin "Neftçi"nin də həmçinin, çempionluqları, kubokları var. Amma bu komanda bu mənada yeganə klub olmayıb. Eyni uğurlara imza atan "Kəpəz" də olub, "Qarabağ" da, "Şəmkir" də, "Turan" da. Avrokuboklarda "Qarabağ"dan sonra ən yaxşı nəticəyə malik "Qəbələ" də. Yenə deyirəm, "Neftçi" ölkənin ən köklü klubudur. Amma müstəqillik dönəmindəki nəticələr baxımından digər klubları xüsusi üstələmir. Bu mənada futbola baxışımızı dəyişməliyik. "Şeffil Yunayted" 1893-cü ildə yaranıb, özü də İngiltərə çempionu olub. Hardadı indi? Yaxud 1865-ci ildə yaranıb bir sıra titillara imza atan, Kuboklar kluboku, Avropa superkubokunu qazanmış "Nottingem Forest". Eləcə də iki dəfə dünya çempionu olmuş Uruqvay. Yəni tarix, kök bir futbol klubu üçün vacib dəyərdi, amma manipulyasiya üçün əsas olmamalıdır. Müasir futbolun tələbləri ilə ayaqlaşmaq lazımdı. Fakt odur ki, "Neftçi" bu baxımdan son illər çox axsayır. Və biz (futbol toplumu) buraya dünya, Avropa, Çempionlar Liqasını qazanan məşqçi gətirə bilməyəcəyik. "Neftçi" köklü klubdu, "Neftçi" tarixi klubdu" ifadələri burda keçərlidir, Avropada "Neftçi" futbolu olmayan ölkənin klubu kimi qəbul edilir. Hətta "Qarabağ"ı belə, hələ də Avropada tam olaraq ciddi klub kimi qəbul etməyənlər var. Yəni o mənada ki, 14 il ardıcıl olaraq qruplara düşmək bizim üçün böyük uğurdu, Avropada bunu böyük uğur kimi qəbul etmirlər. "Qalatasaray" "Qarabağ"dan da məhşur klubdu. Amma nə zaman ciddi olaraq qəbul olundu? UEFA kubokunu qazanandan sonra. Yəni bu gün "Qarabağ"ın da Avropada böyük futbol ölkələrində də tanınması üçün minimum Konfrans Liqasının qalibi olması lazımdı. Yaxdu Avropa Liqasında final oynaması. Ən pis halda, Çempionlar Liqasında 1/4 finala çıxmalıdır. Necə ki, APOEL o vaxt bunu edib özünü Avropada güclü klub kimi tanıtmışdı. Bunlar reallıqlardı, qəbul etməli, buna uyğun addımlar atmalıyıq. "Tarixi klub", "Köklü klub" kimi ifadələrin kölgəsindən çıxmalıyıq. Bu gün Avropada üst səviyyədə heç bir məşqçi gəlib "Neftçi"də işləməyəcək. Gələn maksimum Mutu, Bandoviç olacaq. Yaxud da Sergen kimi bizə yuxarıdan aşağı baxan ədabazlar. Hansı ki, bura bizə fayda verməyə yox, ciblərini doldurmaq niyyəti ilə gələcəklər. Bu mənada yerli klubların daha da peşəkarlaşması, Avropada davamlı oynaması üçün ən uyğun variant yerli məşqçidir. Necə ki, "Spartak" bunu Romantsev, "Dinamo" Kiyev Lobanovski, "Skonto" Starkov, BATE Qonçarenko ilə etmişdi. Unutmayaq ki, "Neftçi"nin də tarixində ən böyük uğuru məhz yerli məşqçi qazanıb. Ən nəhayət, Qurban Qurbanov misalı. Qurbanov bu məsələdə nöqtə olmalıdır.


Deyirlər Samir istefa versin, "İmişli"ni uda bilmir. 3 tura baş məşqçi göndərirlər? Peşəkar klub 3 tura görə məşqçi istefaya göndərmir axı. "Qarabağ" "Sumqayıt"a uduzdu Qurban istefa versin? Yaxud "Sabah" "İmişli"yə uduzdu, Dambrauskası istefaya göndərsinlər? Berdiyev keçən il "Turan Tovuz"u avrokuboklara çıxarda bilmədi, güldən ağır söz deyən oldu? Qaldı yenə işləyir. Halbuki hər cür şərait yaradılmışdı, komandanın Tovuz gedib-gəlməsi üçün xüsusi qatar reysi belə, təşkil olunmuşdu. "İmişli"yə uduzan Dambrauskas Samirdən də çox maaş alır, amma nədənsə onun məğlubiyyətini qabardan yoxdur. Avropada da uğursuz oldu, 6 oyundan 4-ü uduzdu.


Uzun müddətli sistem, siyasət, strategiya qurursansa, baş məşqçiyə inanmalı, şans, vaxt verməlisən. 2-3 tura görə istefa olmur. "Neftçi" azarkeşləri o vaxt Qurbana qarşı bunu elədi və o vaxtkı "Neftçi" rəhbərliyi də onu istefaya göndərdi. Həmin Qurbana "Qarabağ" sahib çıxdı. Amma orda da asan olmadı. Çempionatın əvvəli "Simurq"a evdə 0:2-lik məğlubiyyətdən sonra "Qarabağ" azarkeşləri də Qurbanı istefaya səslədi. Hətta Suraxanıdakı stadionda üstünə cumdular, az qala əlbəyaxa davaya çıxmışdılar. Amma o vaxtkı "Neftçi" rəhbərliyindən fərqli olaraq, "Qarabağ" rəhbərliyi səbr nümayiş etdirdi, Qurbana inandı, zaman verdi, şərait yaratdı. Çempionluq üçün də 5-6 il gözlədilər. Bu mənada "Neftçi" rəhbərliyi də Samirə, onun komandasına inanmalı, dəstək verməli, şərait yaratmalıdır. "Neftçi" azarkeşləri də səbrli olmalıdır. Şəxsən mənim şübhəm yoxdur ki, "Neftçi" bu mövsüm avrokuboklara vəsiqə qazanacaq. Samir bunu bacaracaq potensiala sahibdir. Bu gün Sek üzbəüzdən topu çölə, Sambu 2 metrdən boş qapının üstünən vurursa, bunun günahkarı Samir deyil. Riberiyə Samir demir ki, get, rəqibi vur komandanı azlıqda qoy. Mən Samirin məşqçiliyini ilk günlərdən müşayidə edirəm, adam dayanmadan öz üzərində işləyir. PRO-nu ölkə xaricində aldı, "Barselona"nın, "Atletiko"nun düşərgəsinə getdi, baxdı öyrəndi, bu gün də dayanmadan öz üzərində işləyir. Göndərək istefaya gedib 5 dəfə daha çox pula hansısa ikinci, üçüncü dərəcəli əcnəbini gətirib yedirdək? Nəticə də olmayanda son qəpyinə qədər təzminat ödəyək. Belə işləməklə çempion olmaq, Avropada uğur qazanmaq olar? İndiki dönəmdə əsas məsuliyyət "Neftçi" rəhbərliyinin üzərinə düşür. Baş məşqçilərinin arxasında durmalı, ona inanmalıdır. "Neftçi" azarkeşi də nəticələrə görə narazı olsa da, bir qədər səbrli olmalıdır. Bunlar olsa, inanın ki, hər şey yaxşı olacaq.


Anar XANLAROV