AFFA-dan futbol mütəxəssisləri üçün növbəti vebinar
- 19:40
- 38
AFFA tərəfindən futbol üzrə biliklərin artırılması, mütəxəssislər arasında fikir və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə vebinarların təşkili davam etdirilir.
Rekord.az xəbər verir ki, AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov tərəfindən keçirilən "Uşaq və gənclərlə iş" seriyası çərçivəsində inkişaf modelləri, uşaq motivasiyası və psixologiyası, eləcə də təhlükəsiz mühit mövzularını əhatə edən vebinarlar uğurla yekunlaşıb.
Seriyanın növbəti vebinarı "Futbol dili və effektiv ünsiyyət" mövzusunda olub. Vebinar AFFA-nın Futbolun İnkişafı Departamentinin Akademiyalara nəzarət və keyfiyyət standartları üzrə supervayzeri Sakit Rzayev tərəfindən təqdim olunub. Onlayn görüşdə futbol dilinin mahiyyəti, məşqçi və futbolçu arasında ortaq terminologiyanın formalaşdırılması, yaş qruplarına uyğun ünsiyyət, şifahi və bədən dili kommunikasiyası, geribildirim və komanda mədəniyyəti müzakirə edilib.
Mövzunun məşqçi ilə oyunçu arasında düzgün anlaşmanın, komanda daxilində əməkdaşlığın və vahid oyun yanaşmasının formalaşması baxımından əhəmiyyəti vurğulanıb. İştirakçılar vebinarı müsbət qiymətləndirib, texniki-taktiki, sosial-psixoloji və praktiki mövzular üzrə vebinarların davam etdirilməsinə maraq göstəriblər.