 
        “9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
- 19:15
- 48
"Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 9-cu turu çərçivəsində səfərdə "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Qəbələdə oynamaq çətindir. Birinci hissə bunu göstərdi. "Qəbələ" bütün rəqiblərinə qarşı üstün futbol oynayıb. Hər futbolçu nə etmək lazım olduğunu yaxşı bilir. Öz oyunçularıma minnətdaram. Bilirdik ki, futbolçular ikinci hissədə açılışacaq. Heyəti də buna uyğun qurmuşduq. Azarkeşlərimizə təşəkkür edirəm. Yolumuza davam edirik.
Daim burada məşq edən komandanın üstünlüyü bizdən çoxdur. Mərkəzi möhkəmləndirməklə rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Oyunun əvvəlində Metyunu düşünə bilməzdik. Bu atmosferdə, havada onu ilk dəqiqələrdən meydana buraxa bilməzdik. Hazırlıq səviyyəsinin nə qədər olduğunu bilirik. Düşünürəm ki, hər şey yaxşı alındı. Elvin buranı tanıyır, Kuç da uzun müddətdir bizimlədir. Onlar da bizim oyunçulardır. Həmişə Sessi oynayacaq deyə bir şey yoxdur. Bütün futbolçular hazır olmalıdır, oynamalıdır. Mənə futbolçuların hamısının yaxşı formada olması lazımdır. Abubakar təcrübəsini göstərdi. İkinci hissədə rəqibə epizod vermədik. Elə futbolçular var ki, 45 dəqiqə meydanda qalır, məşqçi hər an ondan nəsə edəcəyini gözləyir. Abubakar həmin futbolçulardandır. Onun kimi oyunçularla bağlı qərarı sırf fiziki durumuna görə vermək düzgün deyil. Amma istədiyimiz odur ki, Abubakar 90 dəqiqə oynamağa hazır olsun.
- Qəbul edirəm ki, 9 tur ərzində 2 qələbə "Neftçi" üçün azdır. Amma biz durmadan təhlillər edirik. İlk 2-3 oyunda tam ideal vəziyyətdə deyildik. Nə itirdiksə, orda itirdik. Yaxşı oynayıb heç-heçə etdiyimiz matçlar da problemli görünmür. İlk oyunlarda qələbə qazana bilsəydik, bəlkə də bu gün ən yüksək yerlərdə idik. Özünüz də görürsüz ki, hər turda nə qədər heeç-heçələr olur. Bu, normal bir şeydir, belə də davam edəcək. Biz isə işimizi ancaq qalib gəlmək üçün quracağıq”.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        