“50 il futbolda” kitabını yazarkən bütün ruhumu, qəlbimi ora qoymuşam” - Xetaqurov
- 15:00
- 29
Boris Xetaqurov "50 il futbolda" kitabını yazarkən bütün ruhunu, qəlbini ora qoyub.
Rekord.az xəbər verir ki, Azərbaycanın əməkdar həkimi bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, bu kitabı nəşr etdirmək ideyası birdən-birə ortaya çıxmayıb:
"Oturub ötən illərimi xatırlayırdım. "Neftçi" komandasında həkim kimi çalışdığım dövrləri, Azərbaycan millisindəki fəaliyyətimi yada salırdım. Dşündüm ki, bütün bu xatirələri, yaşanan hadisələri gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Xatirələrimi toplamağa başladım, şəxsi arxivimdən istifadə etdim. Hələ 1960-cı illərdə fotoqrafiyaya həvəsim olduğu üçün öz əllərimlə çəkdiyim şəkilləri də üzə çıxartdım. Bütün bunlar çoxsəhifəli bir əlyazmaya çevrildi. Lakin bu xatirələri kitab formatına salmaq vaxtı gələndə çətinliklərlə üzləşdim. Müəyyən problemlər yarandı. Yaxın dostum, ən yaxşı tələbəm Faiq Hüseynovla birlikdə bir neçə quruma müraciət etdik, amma heç yerdən dəstək ala bilmədik. Açığı, artıq həvəsdən düşmüşdüm və bu işi yarımçıq qoymağı belə düşünürdüm".
O, daha sonra Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini vurğulayıb:
"Nazir, hörmətli Fərid Qayıbov bizə böyük dəstək göstərdi. Diqqət, qayğı və kömək gördük. Açıq deməliyəm ki, bu gün təqdimatı keçirilən kitabın nəşr olunması məhz nazirin dəstəyi sayəsində mümkün oldu. Buna görə ona səmimi minnətdaram. Kitabın necə alındığını, əlbəttə ki, oxucular qiymətləndirəcək. Amma bir şeyi deyə bilərəm ki, bu kitabı yazarkən bütün ruhumu, qəlbimi ora qoymuşam. "Neftçi"də keçirdiyim gənclik illəri, bu gün artıq veteran olan keçmiş futbolçular gözümün önündə canlanırdı. Necə alındığını oxucular deyəcək".