26-cı tura baxış
- 10:52
- 41
Premyer Liqada 26-cı tur geridə qaldı. Öyrəndik ki...
- komandaların bir-birinə "müəllim, buyurun, avrokuboka siz gedin", "inciyərəm, vallah, buyurun, siz gedin", "aramızda böyük hörmət var, buyurun, siz gedin" deyərcəsinə xal itkilərinə yol verməsi avrokubok zonasındakı mübarizəni xeyli sıxlaşdırıb və gərginləşdirib. Sona cəmi 7 tur qalmış elə bir vəziyyət formalaşıb ki, 1 qələbə bir yana, 1 xal belə böyük əhəmiyyət daşıyır. Bu baxımdan çempionatın sonuna doğru əsas intriqanın hələ də qorunduğunu və son tura qədər davam edəcəyini əminliklə söyləmək olar.
- bu "nəzakətli" davranışlardan ən yaxşı istifadə edən tərəf "Neftçi" oldu. Yuri Vernidubun yetirmələri Sumqayıt səfərində yetərincə inamlı təsir bağışladı. Ukraynalı mütəxəssis komandanı toparlamağı bacarıb. "Ağ-qaralar" özündən zəif olan komandalarla xal itirmir, bununla həm yarışdan qopmur, həm də növbəti matçlara motivasiya qazanır. Bu prosesin daha yuxarı pillələrdə olanlarla mübarizədə də davam etməsi ehtimalı çoxdur.
- "Sumqayıt" isə kubok da daxil olmaqla 10 oyundur qələbə üzünə həsrətdir. Əlavə şərhim yoxdur.
- "Sabah" çempionluğa doğru irəliləyir və bu tur daha bir qələbə qazandı. Ancaq komandada kiçik performans zəifliyi müşahidə olundu. Dambrauskas milli fasilədən dönən yetirmələrini hələ ki lazımi tonusa çatdıra bilməyib. Prinsipcə, buna hələ zaman var. Komfort xal fərqi olduğundan bəzi matçlarda bərabərlik və ya məğlubiyyət də faciə olmayacaq. Məsələn, növbəti turda "Zirə" ilə ev matçında bunun baş vermə ehtimalı var. Litvalı mütəxəssis təcrübəlidir, belə durumlara az düşməyib. Liqanın finiş düzlüyündə məhz onun performansından çox şey asılı olacaq.
- "Qarabağ"da 7 top buraxan "Karvan" yavaş-yavaş I Liqaya hazırlığını yekunlaşdırmalıdır. Bəli, başlamalı yox, yekunlaşdırmalı. Komandanın aşağı dəstəyə düşəcəyi demək olar ki, dəqiqləşib. Bir ildən sonra geri qayıda bilmək üçün indidən heyət, infrastruktur, şərait, iş planı hazırlanmalıdır. Onsuz da Premyer Liqadakı qalan matçlarda heç nə dəyişməyəcək. Bir az müdrik davranmaq gərəkdir.
- Elitada qalmaq üçün pley-offa isə hazırda 3 namizəd var. Məhz "Qəbələ"nin inamlı qələbəsi bu sayı 3-də çatdırdı. "Kəpəz" böyük bir şansı qaçırdı. Növbəti büdrəmənin nəticələri gəncəlilər üçün ağır olacaq
- Tramp müəllim öz şousunu bitirdi. İranla tam razılığa gəlsəydilər, biz də ehmalca sərhədlərimizi açmağa başlayardıq.
- Çöldə çox əla hava var. İmkan varsa, çıxıb bir az gəzin.