İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan məzəli hadisəli bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı “Qəbələ”nin Media və Marketinq Departamentinin sabiq rəhbəri Səməd Nəsibovdu.
“Demişəm səhv etmişəm, bu axmaq adamdı, mən heykəl qoyanam”
Avropa Liqasında “Panatinaikos”la Bakıda heç-heçə oynamışdıq və cavab görüşü üçün Yunanıstana yollanmışdıq. Komandanın əsas futbolçularından biri, həmin ərəfədə formasının zirvəsində olan Cavid Hüseynov da həbs olunmuşdu. Oyunun həyəcanı çox böyük idi, cavab qarşılaşmasına bir neçə gün qalmış hətta gecələr gözümə yuxu da getmirdi. Hərçənd mən nə baş məşqçi, nə də futbolçu idim. Sadəcə, klub nümayəndəsi kimi yatmaq istəyərkən Yunanıstandakı stadion, yerli azarkeşlər gözümün qabağına gəlirdi. Bu minvalla Yunanıstana yollandıq. Hava limanında pasport yoxlamasından həmin vaxt “Qəbələ”də oynayan Dodo ilə birgə keçməli olduq. Fürsətdən istifadə edib braziliyalı futbolçuya “Cavid də yoxdu. İndi əsas ümidimiz sənsən. Üzərinə böyük iş düşür. Sən gərək bu oyunu çıxarasan” söylədim. Dodo dediklərimi dinləyib, üzümə baxaraq “narahat olma, hər şey yaxşı olacaq. Mən qol vuracam və komanda mərhələni adlayacaq” cavabını verdi. Onun bu sözləri məni necə ruhlandırdısa, özümdən asılı olmayaraq “Dodo, sən qol vur, biz turu keçək. Bakıya qayıdan kimi sənə heykəl qoyacam” dedim. Dodo həmin matçın qəhrəmanı oldu, bir yox, iki qol vurdu və komanda mərhələ adladı. Sevincimizin həddi-hüdudu yox idi. Bakıya qayıdandan sonra Dodo mənə yaxınlaşaraq “söz vermisən, əməl et. Mənə heykəli harda və nə vaxt qoydurursan” deyib, oyundan öncə söylədiklərimi xatırlatdı. İndi öz-özümə “demişəm, səhv etmişəm, bu axmaq adamdı, mən heykəl qoyanam” fikirləşib onu birtəhər yola verməyə çalışdım. Dodo isə əl çəkmir. Hər gün “heykəl nə oldu” deyib, sorğu-sual edir. Bu yazıq elə bilir ki, doğrudan da ona heykəl qoyulacaq. Gördüm məndən əl çəkən deyil, dediklərim bunun ağlına batıb. Onu özümdən “qırmaq” üçün Fariz Nəcəfovun köməyinə arxayın oldum. Fikirləşdim ki, Fariz müəllim ona desə, Dodo heykəl söhbətini birdəfəlik bağlayacaq. Nəcəfov da qayıtdı ki “kişiyə söz vermisən, əməl elə”. İndi mənim vəziyyətimi təsəvvür edin... Artıq heç yerdən mənə kömək olmayacağlnı başa düşüb, Dodoya minnətçi düşdüm. Birtəhər ona başa saldım ki, bizdə heykəl hər adama qoyulmur. Gəl bu dəfə üzrəində sənin forman olan böyük tort hazırlatdıraq və kəsək, heykəl məsələsi sonraya qalsın. Çətinliklə olsa da, onu yola gətirdim, heykəl söhbətini bağladım.
“24 saatdan az vaxtda bir neçə ölkədə olmağım heç vaxt yadımdan çıxmır”
“Qəbələ”nin “Errea” şirkəti ilə əməkdaşlıq etdiyi dönəm idi. Bəribaşdan deyim ki, Türkiyə şirkəti müqavilə şərtlərinə əməl etmədiyindən onlarla əməkdaşlığı vaxtından əvvəl dayandırdıq. Yay fasiləsi dönəmində komanda Sloveniyada təlim-məşq toplanışında idi. Şirkət də bizə yeni oyun formaları çatdırmalıydı. Bu gün-sabah deyərək, bizi hər gün yola verirdilər. Komandanın oyuna çıxmasına bir gün qalmış məlum oldu ki, formalar yenə Sloveniyaya göndərilməyib və kollektiv idman geyimindən məhrumdu. Formaları oyuna çatdırmaq üçün 24 saatdan bir qədər artıq vaxtımız qalmışdı. Vəziyyətdən çıxmaq üçün qərara aldım ki, özüm Türkiyəyə yollanım. Axşam saat 5-6 radələrində İstanbula yollanmaq niyyəti ilə hava limanına getdim. Ankarada olan tələbə yoldaşımla əvvəlcədən danışıb razılaşdıq ki, formaları şirkətdən o götürəcək və mənə təhvil verəcək. Bir neçə saatdan sonra İstanbula endim və ordan təyyarə ilə Ankaraya uçdum. Formaları tələbə yoldaşımdan təhvil alıb yenidən Ankara - İstanbul reysinə oturdum. İstanbuldan da Zaqrebə uçdum. Orda məni Zaur Əzizov qarşıladı. Birtəhər matçın başlamasına 3 saat qalmış formaları düşərgəyə çatdırmağı bacardım. Missiyam başa çatsa da, 24 saatdan az vaxtda bir neçə ölkədə olmağım, sərhədlər keçməyim heç vaxt yadımdan çıxmır.
“Gör mən kimə nəyi sübut etməyə çalışmışam”
Yenə “Panatinakos” – “Qəbələ” oyununu yada salmaq istəyirəm. Matç ətrafında o qədər böyük ajiotaj var idi ki, hamı gərginlik içində idi. Deməli, oyun yeni başlayıb. Bizimkilər sol cinahdan hücuma keçmişdilər. Bir-iki ötürmədən sonra adını unutduğum futbolçularımızdan biri cərimə meydançasına girmişdi ki, yunan müdafiəçilər onu yerə yıxdılar. Onun yıxılmağı ilə mənim “penalti” qışqırmağım bir oldu. Özü də elə qışqırıb özümə əl qatmışam ki, sanki komanda Çempionlar Liqasının finalının son saniyəsində penalti vurmaq hüququ qazanıb. Sevincim bir neçə saniyə çəkdi. Hakimin fiti susdu. Qarşılaşmanın baş hakimi heç nə olmayıbmış kimi davam işarəsi verdi. Həmin vaxt məni saxlamaq olar? Əsəbimdən söyüş söyürəm, hakimin ünvanına nalayiq sözlər işlədirəm. Yanımda da matçın hakim-inspektoru əyləşmişdi. O gördü ki, özümdən çıxmışam, çox hirslənmişəm. Epizodu mənə xırdalamağa başladı, detallı şəkildə hər şeyi izah etdi və bildirdi ki, hakim düzgün qərar verib. Onunla razılaşmadığımı deyib, hakim-inspektora qaydaları başa salmağa başladım. İndi o deyir, mən deyirəm. Yazıq axırda dözməyib “mən komissar olmamışdan öncə FİFA referisi kimi çoxlu beynəlxalq oyun idarə etmişəm” dedi. Çempionlar Liqasının İstanbulda baş tutan məşhur “Milan” – “Liverpul” qarşılaşmasını da, sən demə, bu yoldaş idarə edibmiş. Onu mənə deyəndə utandığımdan bilmədim nə deyim. Gör mən kimə nəyi sübut etməyə çalışmışam. Bunu mənə deyəndən sonra “havam alındı”, komissardan üzr istəməli oldum.
“Bu həm bizim şirkət, həm də Azərbaycan futbolu adına reklam olar”
“Qəbələ”də işə yeni başlayanda klubun icraçı direktoru ingilis idi. O çox istəyirdi ki, qlobal brendlərlə çalışsın, onları klubla əməkdaşlığa cəlb etsin. Türk Hava Yolları da həmin vaxt futbola yeni sərmayə qoymağa başlamışdı. Mənimlə söhbətində fikrini söylədi. Mən də Türkiyədə oxumuşdum, klubda işə başlamamış Diasporla İş üzrə Dövlət Komitəsində çalışmışdım deyə qardaş ölkə ilə müəyyən əlaqələrim var idi. Bundan istifadə etməklə Türk Hava Yolllarının rəhbəri ilə görüş təyin olundu. Bizə bu haqda bilgi verilən kimi ingilis idman direktoru ilə Türkiyəyə yollandıq. Türkiyə şirkəti də elə həmin il “Barselona”, “Mançester Yunayted” kimi dünya nəhəngləri ilə sponsorluq müqaviləsi bağlamışdı. Əvvəlcədən təyin olunan gündə şirkətin prezidenti bizi yüksək səviyyədə qəbul etdi. O öz planlarından, bizim icraçı direktor da klubun layihələrindən danışdı. Onu da əlavə etdi ki, sizin kimi şirkətin bizə sponorluq etməsi böyük şərəf olar. Sizin adınız bizə bəs edər. Türk Hava Yollarının rəhbəri də qayıtdı ki, qardaş ölkənin klubuna pul da verə bilərik, ancaq siz deyin ki, indiyə qədər nə titullarınız olub, hansı nailiyyətlərə imza atmısız? Biranlıq ikimiz də duruxduq. İçraçı direktor vəziyyətdən çıxmaq üçün klubun yeni yarandığını, ancaq qarşısına böyük məqsədlər qoyduğunu söylədi. Şirkət prezidenti bir qədər fikrə gedib, “biz “Barselona”, “Mançester Yunayted” kimi titullu, dünya çapında tanınan klublarla əməkdaşlıq müqaviləsini yeni imzalamışıq. Onların ardından heç kimin tanımadığı, heç bir uğura imza atmayan klubla sponsorluq müqaviləsi bağlamağımız marketinq baxımından düz çıxmaz. Ancaq sizi də üzmək istəmirik. Bura gəlmisiz, özümüz də qardaş ölkələrik. Mən sizə başqa bir təklif etmək istəyirəm. Ən yaxşısı biz hazırda sizin çempionatda lider olan klubla əməkdaşlıq müqaviləsi bağlayaq. Bu həm bizim şirkət, həm də Azərbaycan futbolu adına reklam olar” söylədi. Bunu demişdi ki, icraçı direktorumuz “olmaz” deyib, az qala üsyan etdi. Həmin vaxt isə çempionatın lideri artıq tarixin yaddaşına köçən “Bakı” idi.
“Müəllim, mənim “Galenvagen”im var”
Avropa Liqasının qrup oyunları çərçivəsində Bakıda “Apollon”la qarşılaşırdıq. Oyunun gedişində azarkeşlərimizlə polis arasında insident yaşanmışdı. “Qəbələ” azarkeşləri arasında Nəriman adlı biri var. O vaxt hələ gənc idi. Qarışıqlıq zamanı o yıxılmışdı. Qorxmuşduq ki, daxili qanaxma olar. Bu üzdən matç başa çatan kimi onu Gömrük Hospitalına götürmüşdük. Onun vəziyyətini bilən digər klubların fanklublarının üzvləri oyun başa çatan kimi birbaşa hospitala gəlmişdilər. Mən də ora gələn uşaqları bir-bir qarşılayır, gedənləri taksi ilə yola salırdım, bəzilərinə yolpulu verirdim ki, evlərinə rahat çatsınlar. Yəni bütün bunları onların diqqət və hörmətinə görə edirdim. Aralarında bir nəfər var idi ki, ilk dəqiqələrdən orda idi. Çox mehriban danışır, Nərimanın durumu ilə maraqlanır, bəzən “müəllim, nə kömək lazımdı, mən də edim” deyirdi. Təxminən gecə saat 1 radələrində artıq hamı getmişdi, hospitalın qarşısında dediyim həmin gənc və bir neçə nəfər qalmışdı. Əlimi atdım cibimə ki, ona da taksi pulu verib yola salım. İndi mən ona pul verirəm, o əlimi geri qaytarır. Bu bir neçə dəfə təkrarlandı. Növbəti dəfə pulu onun cibinə basmaq istəyirdim ki, gənc oğlan sakit tərzdə qulağıma “müəllim, mənim “Galenvagen”im var və bura da onunla gəlmişəm. Pulunuza ehtiyacım yoxdu” dedi. Bir an çaşıb qaldım və özlüyümdə ona “bərəkallah” deyib, azarkeşlərin nəyə qadir olduğunu bir daha özüm üçün müəyyən etdim. ("Futbol plus")