 
        “Məğlub olmağımıza görə məyusuq” – Kaskilya
- 31 Okt 2025 20:15
- 52
“İmişli” bu gün Misli Premyer Liqasının 10-cu turunun açılış matçında “Qarabağ”ın qonağı olub.
Rekord.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Xorxe Kaskilyanın mətbuat konfransı keçirilib. Portuqaliyalı çalışdırıcı 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Oyunçularımla fəxr edirəm. “Qarabağ” kimi güclü rəqiblə başabaş oyun nümayiş etdirdilər. İlk hissədə komandam fantastik çıxış etdi. Biz yaxşı hazırlaşmışdıq. “Qarabağ”ın güclü tərəflərini bilirdik. Keyfiyyətli oyunçuları var. Həmçinin, bilirdik ki, arxada boşluqlar verəcəklər.
Penaltini dəyərləndirə bilmədik. Daha sonra təkbətəkdən yararlanmadıq. Qol vurmayanda da əksi olur.
İkinci hissədə bilirdik ki, “Qarabağ” təzyiq edəcək. Rəqibin yüksək texnikalı oyunçuları var. Buna baxmayaraq, oyundan razıyam. “Qarabağ” kimi güclü komandaya qarşı yaxşı mübarizə apardıq. Məğlub olmağımıza görə məyusuq.
Futbolda normal haldır. Olur ki, oyunçu fərqlənə bilmir. Amma Almeyda yaxşı futbolçudir. İkinci hissədə onu dəyişməməyimz oyunçu çatışmaması ilə bağlı deyil. Taktiki gediş etmişdik və həmin gedişdə Almeyda olmalı idi. Topu yaxşı saxlayır.
Azərbaycan futbolu dedikdə “Qarabağ” piramidanın uc hissəsindədirsə, biz “İmişli” olaraq bu piramidanın alt pillələrindəyik. Bizim onlar qədər rotasiya etmək imkanımız yoxdur. Çox keyfiyyətli oyunçuları var. Dediyim kimi, ilk hissədə çox yaxşı mübarizə apardıq. “Qarabağ” çox güclü komandadır.
Son oyunda da Juninyo penaltini yerinə yetirmişdi. Bu da futbolçuda əlavə motivasiya yaradır. Bəli, mənim qərarım idi ki, penaltini Juninyo yerinə yetirsin.
Moysesin zədəsi var idi. “Zirə” ilə matçda zədələnmişdi. Həkimlər beş həftə onunla çalışmışdılar. Fiziki baxımdan hazır deyildi. İdeal formada deyildi. Ona görə də ikinci hissədə meydana buraxdıq. “Kəpəz”lə matçda Moysesin fiziki durumu həmin matçda oynamaq üçün imkan verirdi. Amma “Qarabağ”la matç üçün bu belə deyildi.
Mən məşqçiyəm. Bu dəyişiklik baş verəndə bizim rəhbərlik “Qarabağ”la danışdı və belə alındı. Ev-qonaq meydanına gəlincə, elə də fərq etmir. Biz daha çox səfərdə qələbə qazanmışıq.
“İmişli” elə komandadır ki, bəli, biz nəticədən razıyıq, amma tam sevinmirik. Bu komanda mübarizə aparır, vuruşur. Bizim hazırda 15 xalımız olmalı idi, amma 12-dir”.
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        