Azərbaycan və Özbəkistanın seçmə matçına start verilib
- 15:30
- 41
Bakıda qadın şahmatçılar arasında dünya çempionatına vəsiqə uğrunda Azərbaycan və Özbəkistan komandalarının seçmə matçına start verilib.
Rekord.az xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov açılış nitqi ilə çıxış edib, şahmatçılara uğurlar arzulayıb. Azərbaycanla Özbəkistanın dost və qardaş ölkələr olduğunu xatırladan gənclər və idman naziri tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti və yarışın baş hakimi olan Faiq Həsənov çıxış edərək maraqlı partiyalara şahidlik edəcəklərini vurğulayıb.
Seçmə matçın 1-ci turunda ilk rəmzi gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Qeyd edək ki, Azərbaycan millisi matçda bu heyətlə çıxış edir: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynovdur.
Dünya çempionatı noyabrın 18-23-də İspaniyanın Linares şəhərində keçiriləcək. Azərbaycan və Özbəkistan komandaları arasında seçmə matç sabah yekunlaşacaq və dünya çempionatına vəsiqənin sahibi məlum olacaq.