
Həddi-b(ilbao)uluğ matçı
- 12:22
- 86
Məğlubiyyət kimdən alınmasından, obyektiv və ya subyektiv səbəblərdən, ədalətli-ədalətsiz olub-olmamasından asılı olmayaraq üzücüdür. Belə hallarda avtomatik günahkar axtarışına çıxmaq da normaldır. Futbol hisslər oyunudu, onları cilovlamaq çətin olur. Əsl doğru olan isə günahkarı yox, səbəbi axtarıb tapmaqdır. Məhz bunu edək və sualı belə qoyaq: Bilbaodakı 1:3-lük nəticə niyə qeydə alındı?
1. Keyfiyyət. Mənə görə "Qarabağ"ın yenilgisinin əsas səbəbi budur. Heyətində ulduz futbolçuları olan "Atletik"in oyunu dəyişmək, müxtəlif addımları atmaq, sürəti saxlamaq və ya artırmaq, həmçinin digər vacib yerdəyişmələri etmək şansı vardı. 100 milyondan çox qiyməti olan Uilyams qardaşlarının yerinə çıxan futbolçular belə fərq yarada, iki uzaqdan zərbə ilə oyunu çevirə bilir, qollarda bilavasitə iştirak edirlər. "Qarabağ" isə bura gələnə qədər qohumlarından başqa heç kimin tanımadığı futbolçularla nəticə qazanıb. İllərdir qurulan və saat kimi işləyən mexanizmin hesabına maksimum nə xal, uğur əldə etmək mümkündüsə, əldə edilib. Bundan artığı üçün geniş və keyfiyyətli heyət lazımdı. ÇL-də, "San Mames"də, "Atletik"ə qarşı matçda 23 nəfərlik heyətdə nominal hücumçusu olmadan (əslində Nəriman vingerdi, sadəcə Qurban Qurbanov onu forvard edib) çıxılmasının cəzası mütləq ki var idi, oldu da. Lap deyək ki, Nərimanın var. Adam zədədən təzə qayıdıb, formaya tam düşməyib, Musanın da zədələnməsindən sonra məşqçinin yeganə seçimidi deyə startda oynadıldı, düz də edildi. Bəs təbii olaraq 60-cı dəqiqədə gücdən düşəndə yerində kim oynamalıdı? Mən? Hoca əlacsızlıqdan Kaşuku orda oynatdı. İcazə versələr, özü çıxardı meydana. Kamillo Duranı deməyin, çünki onu artıq 20-ci dəqiqədə diri-diri udmuşdular, nəfəsi gəlmirdi. O da vingerdəndönmə hücumçuluq eləmişdi öncəki matçlarda. Bir dəfə alındı, digər matçlarda yox. Alınması da çətin olardı.
2. Liqa fərqi. Təkrarçılıq olacaq, ancaq yenə də deyək: 8-10 komandalı, süni və ya dağılmış örtüklü meydançaları olan, tribunalarına orta hesabla bir toyun adamı yığışmayan, milyon dərdi olan çempionatdan çıxan bir komandanın La Liqa nəhəngi ilə başabaş oynaması belə möcüzədi. Bəli, "Qarabağ" öyrəncəlidi, təcrübəsi böyükdü, belə matçlarda çox iştirak edib deyə birtəhər çulunu sudan çıxarır. Amma hər şeyin də bir həddi var. Formasından uzaq "Atletik" də bizi bu dərəcədə təzyiq altında saxlaya, pressinqlə qapımıza sıxa, ardıcıl səhvlərə məcbur edə bilirsə, bunun səbəbkarı çempionatlarıdı. Bu tempdə, üstəlik bu atmosferdə az qala hər həftə oynayan komanda ilə bunu öz daxili yarışında ildə 1, maksimum 2 dəfə görən komandanın qarşılaşmasında qalib tərəf adətən matçdan öncə bilinir.
3. Futbolun səviyyəsi. Bu bənd əvvəlkinin davamıdı. Sadə bir fakt: 2015-16-cı illər mövsümündə ovaxtkı "İnter" (indiki "Şamaxı") Avropa Liqasının təsnifat mərhələsində "Atletik"lə oynamış, "San Mames"də 0:2 hesabıyla uduzmuşdu. İndi də "Qarabağ" eyni arenada 1:3 hesabıyla yenildi. Bəli, AL-lə ÇL, təsnifatla indiki Liqa mərhələsi arasında fərq böyükdü, amma rəqiblər bir-birinə bab olduqlarından müqayisə apara bilərik. 10 il əvvəl də uduzurduq, indi də uduzuruq. 10 il əvvəl də iki top fərqiylə yenilmişdik, indi də yenilirik. Heç nə dəyişməyib. Məşhur lətifədə deyildiyi kimi, "bir az yazı-pozu işi artıb". Bu 10 ili ölkə futbolu olaraq boşa vermişik. Uşaq futbolu, infrastruktur, kadr çatışmazlığı və yüzlərlə digər problemləri həll etməmişik. Bu 10 ildə irəli getmək əvəzinə 10 dəfə geriləmişik, buna rəğmən qələbələr istəyirik. Olmur elə. Yeganə müsbət məqam "Qarabağ"ın klub olaraq fərq yaratması, öz mexanizmini quraraq Azərbaycan səviyyəsindən çıxmasıdı ki, bu da istisna haldı. İstisnalar isə qaydaları dəyişmir.
- 1. Hakimlik. Bu da öncəki bəndlərin davamıdı, ancaq bilərəkdən ayırmışam. İllərdir hakimlərimizin daxili yarışlarda klublarımızı "yola verməsi", hər yıxıldıqları epizodda fit çalmasının, bununla yanaşı, hər 3 dəqiqədən bir, az qala hər epizoda VAR-da yarım saat baxıb oyunun tempini düşürmələrinin cəzasını çəkirik. Dünənki matçda baş hakimin qayda pozuntusu kimi qeydə almadığı məqamlarda bizimkilər hətta vərəqələr belə verərdilər. Ədalət təmsilçilərimiz və onlara rəhbərlik edənlər anlamalıdılar ki, klublarımıza ölkə çempionatında etdikləri "yaxşılıqlar", əslində "ayı yaxşılığı"dı, onların ziyanına işləyir. Bizdə avrokuboka çıxmaq çətin deyil, çətini orda özünü göstərməkdi. Hamımız da bunun üçün işləməliyik. Doğru və dürüst şəkildə.
Və nəhayət, gözləntilərimiz. İki qələbədən sonra az qala kuboku Bakıya gətirmək haqda düşünməyə başlamışıqsa, səhvimiz var. Reallıq başqadı. Biz ÇL-də 8 oyunun hamısını uda bilmərik. Bunu heç "Liverpul" da edə bilmir, bilməyəcək də. Böyük bir marafonda, ayrı, xüsusi bir yarışda iştirak edirik. Hətta ölkə çempionatında da uduzan, xal itirən "Qarabağ"ın dünyanın ən güclü turnirində eyni aqibəti yaşaması da normaldır, gözləniləndir. İndidən özümüzü buna hazırlayaq. Ki, sonra boşuna üzülməyək.
Kənan Məstəliyev
Yazar haqqında
