AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Bakıda futzal hakimləri və inspektorları üçün seminar keçirilib.


Rekord.az xəbər verir ki, üç gün çəkən seminara UEFA-nın futzal üzrə eksperti və instrukturu Peri Qotye rəhbərlik edib.


O, iştirakçılar üçün nəzəri və praktiki məşğələlər keçərək oyun qaydalarındakı son dəyişiklikləri, müasir hakimlik prinsiplərini və epizodların analiz metodlarını təqdim edib.


Tədbirdə ölkənin müxtəlif bölgələrindən gəlmiş aparıcı və gənc futzal hakimləri, eləcə də onların fəaliyyətini qiymətləndirən inspektorlar iştirak ediblər. Seminarın təşkilində əsas məqsəd Azərbaycan futzal hakimliyinin beynəlxalq standartlara uyğun inkişafına və UEFA ilə əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək olub.


Peri Qotye iştirakçıların yüksək maraq və fəallıq göstərdiyini qeyd edib və seminarın Azərbaycan futzalında hakimlik səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacağına inandığını bildirib.

AFFA nümayəndələri göstərilən dəstəyə görə UEFA-ya və Peri Qotyeyə təşəkkür edib, belə təlimlərin davamlı keçirilməsinin futzal hakimliyinin inkişafında vacib rol oynadığını vurğulayıblar.