 
        "Region Liqası"nda 3 kluba texniki məğlubiyyət verildi: günah kimdədi?
- 31 Okt 2025 19:00
- 91
AFFA İntizam Komitəsinin son iclasında "Region Liqası" ilə bağlı bir məqam diqqəti çəkdi. Mübariz FA-Real FK, Olimpik Sabirabad FK-Aran FK (Beyləqan və Ağsu Siti-Ağcabədi FK  oyunları baş tutmadığına görə ev sahiblərinə texniki məğlubiyyət verilib. Oyunların baş tutmamasının səbəbi də təhlükəsizliyin (polis) təmin edilməməsi olub. İlk baxışdan verilən cəza qanunidir. Çünki hər bir ev komandası təhlükəsizliyə görə birbaşa məsuliyyət daşıyır. Amma burada bir məqam var...
Oyunların keçirildiyi tarix ölkə başçısının Aran zonasına səfəri ilə üst-üstə düşüb. Məlum məsələdir ki, ölkə başçısı hasısa rayona səfər edirsə, həmin rayonda və ətraf rayonlarda bu səfərə ciddi hazırlıq görülür, təhlükəsizlik tədbirləri də bu hazırlığın başında durur. Təhlükəsizlik tədbirlərində də əsas yük polisin üzərinə düşür və bütün qüvvələr həmin tədribin hazırlıqlarına cəlb olunur. Premyer Liqada da şəxsən bunun şahidi olmuşuq. İstər Qubada, istər Şamaxıda və s. Məsələn, Qubada hansısa oyuna cəmi 4 polis cəlb olunmuşdu. Səhv etmirəmsə, Şamaxıda keçirilən "Karvan" - "Sabah" oyununda da stadionda 5-6 polis işçisi var idi, onlar da sıravi polis yox, rütbə daşıyıcıları idi. Çünki ölkə başçısı həmin bölgəyə getdiyi üçün bütün polis qüvvələri təhlükəsizlik tədbirlərinə cəlb olunmuşdu. Bu baxımdan "Region Liqası"nda da oxşar halların yaşanması normald. Ölkə başçısı Sabirabada səfər edir və bütün polis qüvvələri təhlükəsizlik tədbirlərinə cəlb olunur. "Sabirabad" komandası burada neyləyə bilər? 
Konkret "Ağsu Siti" - "Ağcabədi" matçından öncə də eyni hal yaşanıb. Ağsu komandasından Rekord.az-a verilən məlumata görə, polislər tədbirə cəlb olunduğu üçün stadiona 15 dəq gec gəliblər. Paylaşılan şəkildən bunu görmək olar. Şəkil saat 14:23-də çəkilib və polis də bundan 10 dəqiqə öncədən stadiona gəlib. Amma hakim israrla meydançanı tərk edib. Ağsulular bildirib ki, "Ağcabədi" komandası da bu durumdan istifadə edib oynamağa cəhd göstərməyib:  "Halbuki obyektiv səbəb olduğunu başa düşüb 10-15 dəq gecikmə ilə oyunu keçirmək olardı. Əgər keçirilməyibsə belə, AFFA İK bunu nəzərə ala bilərdi. Axı polisin stadiona gəlməməsinin, yaxud 5-10 dəq gec gəlməsinin səbəbi ev sahibi komanda deyil. Ölkə başçısı rayona səfərə gəlir və bütün polislər bu səfərin təhlükəsizliyinə cəlb olunur. Biz buna görə neyləyə bilərdik?" 
Obyektivliyi qorumaq üçün Ağcabədi təmsilçisi ilə də əlaqə saxladıq. Komandadan saytımıza daxil olan məlumatda isə bildirilib ki, onlar polisləri 15 dəq yox, 1 saata yaxın gözləyiblər: "Ağsu tərəfinin verdiyi məlumatlar tamamilə yalnışdı. Normalda maksimum yarım saat gözləmək olar. Amma biz 50 dəqiqə polisin gələcəyini gözləmişik. Oyun 14:00-da başlamalı idi. Bəli, 14:15-də stadiona bir nəfər polis əməkdaşı gəldi. Lakin o da bildirdi ki, bütün polislər tədbirdə olduğu üçün oyun a heç kim gələ bilməyəcək. Bundan sonra hakim protokolu bağlayıb və 14:53-də biz də soyunub-geyinmə otağına yollanmışıq. Başqa nə edə bilərdik? AFFA İntizam Komitəsi də tam haqlı qərar verib və haqqımız olan 3 xalı bizə verib. Ağsu tərəfi bizi nədəsə günahlandırmaqdansa işinə daha məsuliyyətli yanaşardı. Ölkə başçısı bir rayona gedəndə daha əvvəldən bu bilinir, bununla bağlı tədbirlər görülür. Bu mənada Ağsu komandası İsmayllı polisi ilə daha erkən danışıb məsələni müsbət həll edə bilərdi. Ən azı onlara deyilərdi ki, filan günü rayonda tədbir olacaq, siz AFFA ilə, rəqib  komanda ilə danışıb oyunu ya bir gün əvvələ, ya da sonraya keçirin. Oyun günü poilsə müraciət edəndə əlbəttə polis olmayacaq. Xahiş edirik, bizim adımızı bu məsələdə günahkar kimi hallandırmasınlar".
Həqiqətən də, bu tip məsələləri öncədən nəzərə almaq lazımdı. "Region Liqası" deyib keçmək. yola vermək olmaz. Hansısa rayonda mühüm dövlət tədbiri olacaqsa öncədən yerli komanda, AFFA planını buna uyğun qurmalı, polislə, səhiyyə idarəsi, yerli FHN ilə öncədə məsləhətləşmələr aparmalı, lazım gələrsə oyunun gününü 1 gün geri, yaxud irəli çəkməlidir. Məsələ federasiyadan  da münasibət öyrəndik. Qurumun mətbuat xidmətindən bizə bunları dedilər: "AFFA təbii ki, istənilən bu tip məsələlərdə müraciətlərə müsbət baxır. Lakin sözügedən oyunla bağlı federasiyaya yalnız oyun günü, oyun  saatına az qalmış məlumat verilib. Təbii ki, bu halda AFFA heç bir kömək edə bilməz. Əgər ev sahibi komanda oyundan 1-2 gün öncə federasiyaya müraciət etsəydi, lazım olan köməklik göstərilərdi".
 
                 
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        