Zirvədən uçuruma aparılan "Kəpəz"
- 2023-02-12 14:04
- 1659
Toğanadan Murova doğru gedəndə əzəmətli Kəpəz dağı göz oxşayır. Özünəməxsus görkəmi ilə həmişə diqqətimi cəlb edir. Hər dəfəsində o zirvəni görəndə “Xəmsə” fan-klubunun üzvlərinin açdığı bir pankart yadıma düşür. Sarı-göy rənglərə könül verən azarkeşlər bir vaxtlar özünəməxsus “sənət əsəri” ortaya qoymuşdular. Onlar “Kəpəz” elitaya qayıdanda rəqib komandaların azarkeşlərinə həmin pankartla göndərmə etmişdilər. Bəlkə, siz də xatırlayırsız. Pankartın üzərində “Sizin səviyyənizdən 3065 metr yüksəkdə” yazırdı.
Bəli, burda işarə Kəpəz dağının hündürlüyünədi. Gəncə klubunun sadiq fanatları da məhz bu yüksəkliyə işarə vuraraq sevimli “Kəpəz”i və onun azarkeşlərini digərlərindən yuxarıda görürdülər. Təəssüflər olsun ki, reallıq heç də bu rəqəmə uyğun deyil. Təkcə bu mövsüm yox, “Kəpəz”in işləri son illərdə heç cür qaydasında getmir. Yıxılır-durur, irəli-geri gedir. Bir vaxtlar qazandığı uğurlara, tarixinə uyğun nəticələr qazana bilmir. Özü də bu problemlər təkcə Premyer Liqada özünü göstərmir, birinci divzionda da “Kəpəz” eyni vəziyyətdə idi. Nə sabitlik vardı, nə də əzəmət. Gəncə komandasının elitaya necə gətirilməsi də gözümüzün önündədi. Yaşar Vahabzadənin çalışdırdığı kollektivin divizionda tutduğu yer Premyer Liqaya çıxmaq üçün yetərli deyildi. Yalnız AFFA-nın bölgələrdə futbol inkişaf edir görüntüsü yaratmaq məqsədi ilə “böyük futbol Gəncəyə qayıtdı” imitasiyası sayəsində “Kəpəz” bu gün elitadadı.
Ümid edirdik ki, “Kəpəz” Premyer Liqada oynamağa başlayandan sonra bu problemlər səngiyəcək, klub peşəkar səviyyədə idarə olunacaq, şəhərin futbol ictimaiyyəti, azarkeşlər də bir yumruq kimi birləşəcəklər. Amma olmadı. Deyirdilər ki, Yaşar Vahabzadə bacarmır. Vahabzadə yola salındı, ürəkləri sakitlik tapmadı. İndi də Tərlan Əhmədov haqqında eyni sözü deyirlər. Bir qism adam var ki, startda dayanıb, “Kəpəz”in büdrəməsini gözləyir. Əhmədov getməli, onun yerinə gəncəli gəlməlidi. Guya ki, klubda gəncəli işləyəndə məşqlərdə yumruqlaşmalar, dava-dalaş olmurdu. Bizim yaddaşımız sizinki kimi zəif deyil, əzizlərim. Bir az da gəncəli ilə uduzarsız, ondan sonrası da Allah kərimdi.
Hər hansı bir evdə, ailədə söz-söhbət olanda ilk ağla gələn həmin ailənin başçısıdı. İndiki halda da “Kəpəz”in düşdüyü durumun bir nömrəli günahkarı “Kəpəz”ə rəhbərlik edənlərdi. Əfran İsmayılovla Rauf Əliyevin komandanın baş məşqçisi Tərlan Əhmədov haqqında gözünü yumub, ağzını açmışdı. Adamın yaşına-başına baxmırdılar, nə gəldi deyirdilər. Bir dəfə görmədik ki, İlqar Nadirli yumruğunu masaya çırpıb, baş məşqçisinə sahib çıxsın. Onda yadlarına düşmürdü desinlər ki, ay Rauf, ay Əfran sizin klubla müqaviləniz var, bu müqaviləyə əməl edin, baş məşqçimizi nüfuzdan salmayın. Bu iki futbolçu “Kəpəz”lə yollarını ayıran kimi rəhbərliyin yadına futbolçuların “ağzını bağlamaq” düşdü. Belə çıxır ki, Tərlan Əhmədovun mətbuatda ələ salınması onların da işinə yarayırmış.
Tovuzda “Kəpəz”in qapısına qol vurulan kimi qonaq azarkeşlərin yer aldığı tribunalardan “istefa” şüarları səslənməyə başlayıb. Oyundan sonrakı açıqlamalarında baş məşqçi gedə biləcəyinə işarə vurdu. Belə başa düşdük ki, “Turan Tovuz”la oyundan iki gün öncə “Kəpəz”in məşqində yaşananlar ona da pis təsir edib. Bu münasibətlə, belə idarəçiliklə “Kəpəz”in baş məşqçisinin kim olmasının heç bir mənası yoxdu. Zirvəylə adaş olan klubu uçurumun dibinə qədər endiriblər. Onu ordan çıxarmaq heç də asan olmayacaq!