THE BATTLE
- 12:02
- 38
İngiltərə Premyer Liqasında futbol oynamırlar. Orada həm də futbol oynayırlar.
Hər matç kiçik bir döyüşdür. Elə ingilislərin təbirincə, "battle". İzləyəndə hərdən sənə elə gəlir futbolçuların bir əlində qalxan var, o biri əlində də qılınc. Top uğrunda bir-birilərini kəsməyə hazırdırlar. Elə atletik futbolçuları var ki, gecə rastlaşsan qorxundan yolunu dəyişərsən. Necə görünürlərsə, elə də oynayırlar. Futbol qalıb bir kənarda, əvvəlcə səni "döyüb", "suyunu çıxarırlar", sonra başlayırlar "top-top" oynamağa.
Döyüşürlər, dayanmırlar. "Yaralansan", elə yerdə qoyacaqlar, "qan da aparsa" kömək də edən olmayacaq. Hakim də dayandırmayacaq oyunu. Əvvəlcə, hücumu bitirəcəklər, sonra səni "yada salacaqlar". Liverpuldakı matçın əvvəlini xatırlayın. Frimponqun damarı dartıldı, işarə elədi ki, "bəs zədəm var, topu çıxarın". Zubir də sağ olsun, çıxartdı. Sizi əmin edirəm ki, bu epizod Premyer Liqada yaşansaydı, rəqibin heç vecinə də olmayacaqdı, keçib hücumu başa çatdıracaq, bəlkə də qol vuracaqdılar. Heç kim də qınayan deyildi ki, "bəs bura İngiltərədir, burda belədir". Ona görə liverpullu oyunçular, xüsusən Salah gəlib Zubirə ayrıca təşəkkür elədi. İngilis sosial şəbəkələri də izlədim, dərin təşəkkürlərini ifadə edirlər.
Bəlkə də bir az abartılı danışıram, amma həqiqət belədir.
Turnir cədvəlində olduğu pillədən asılı olmayaraq bir Premyer Liqa təmsilçisini məğlub etmək istəyirsənsə, meydanda sözün əsl mənasında can qoymalısan. Kim olursan-ol, yarım güclə yenə bilməzsən onları.
Bu dediklərimdir əsas. "Nyukasl" yox, hazırda yaxşı durumda olmayan "Nottingem Forest" də gəlsəydi, lap konkret pis gündə olan "Vulverhempton" da gəlsəydi, bu fakt dəyişməyəcəkdi. "Qarabağ" pley-offda nəyəsə ümid etmək istəyirsə, əvvəlcə meydana döyüşmək, sonra futbol oynamaq üçün çıxmalıdır. Hər top, meydançanın hər qarışı uğrunda mübarizə aparmayan tərəfin iki matçın heç birində şansı yoxdur.