Azərbaycanlı futbolçu rəsmən Kipr klubunda
- 16:40
- 38
Kipr təmsilçisi “Pafos” Azərbaycanın U-21 millisinun futbolçusu Murad Məmmədovun transferini rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, bu haqda klubun yaydığı məlumatda bildirilib. 20 yaşlı cinah oyunçusu ilə 2030-cu ilin iyun ayınadək nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
2006-cı il aprelin 26-da anadan olan Murad “Pafos”a “Neftçi”dən keçib. Klubun açıqlamasında bildirilib ki, gənc yaşına baxmayaraq, futbolçu artıq həm ölkədaxili, həm də beynəlxalq səviyyədə dəyərli təcrübə qazanıb və Azərbaycan futbolunun ən perspektivli istedadlarından biri hesab olunur.
“Neftçi” akademiyasının yetirməsi olan Murad klubun inkişaf sistemindən keçərək əsas komandaya yüksəlib.
“Pafos”un bəyanatında bu transferin klubun gənc istedadlara yatırım etmək, gələcəyi qurmaq və futbol fəlsəfəsinə uyğun inkişaf potensialı olan oyunçularla heyəti gücləndirmək strategiyasının bir hissəsi olduğu vurğulanıb.
Klub sonda Murad Məmmədovu Kiprdə salamlayaraq ona yeni komandasında uğurlar arzulayıb.