“Təcrübəsizlik üstünlüyü qorumağa imkan vermədi”
- 15:30
- 35
Təcrübə çatışmazlığı "Araz-Naxçıvan"ın futzal üzrə UEFA Çempionlar Liqasının ikinci görüşündə həlledici amil olub.
Rekord.az xəbər verir ki, bu barədə komandanın üzvü Fərid Ələkbərov açıqlama verib.
Futzalçı Bosniya və Herseqovinanın "Buba Mara" kollektivinə uduzduqları (3:5) qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"Bosniya və Herseqovina çempionu bizimlə görüşə tam heyətlə çıxmışdı. Onların əsas oyunçusu Pereç qırmızı vərəqə aldığına görə I turda "Piast"la matçı buraxmışdı. Oyunun gedişində hesabda önə keçdik. Ancaq oyun təcrübəsizliyi sözünü dedi və üstünlüyümüzü qoruya bilmədik. İstər fiziki hazırlıq, istərsə də qol epizodu yaratmaq baxımından komanda yaxşı tərəfdən seçilirdi".
F.Ələkbərov hesab 2:2 olarkən boş qapıya düşə bilmədiklərini söyləyib:
"Onu edə bilsəydik, qələbə qazanmaq şansımız az deyildi. Ümumiyyətlə, qrupdakı rəqiblərin heç biri zəif, asan udulacaq kollektiv deyil. Hər biri oturuşmuş heyətə malikdir, əksəriyyəti illərdir eyni komandada çıxış edirlər. Bizim bir gün əvvəl yendiyimiz "Uypest" meydan sahibi və qrupun əsas favoriti hesab edilən "Piast"la heç-heçə etdi. Qrup liderinin kimliyinə sonuncu turun oyunlarından sonra aydınlıq gətiriləcək. Elə vəziyyət yaranıb ki, bu hüququ hər bir komanda qazana bilər. "Araz-Naxçıvan" bu ildən sırf yerli futzalçılardan – millinin üzvlərindən qurulub. Açığı, onların belə mübarizə aparacaqlarını gözləmirdim. Yaxşı mənada təəccübləndirdilər".
Qeyd edək ki, "Araz-Naxçıvan" qrupun ilk oyununda "Uypest"i 5:4 hesabı ilə yenib. Komanda sabah – oktyabrın 30-da "Piast"la üz-üzə gələcək. Oyun saat 22:00-da start götürəcək.