“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Gərgin oyun keçdi, maraqlı idi. Hər zaman bu sözlərlə başlayıram. Hər iki komandanın dinamikliyini qeyd etməmək mümkün deyil. İlk hissədə daha çox mübarizəli oyun oldu. İkinci hissənin hardasa 30 dəqiqəsi bizim üstünlüyümüz ilə keçdi. Son 10-15 dəqiqədə idə Ayxan Abbasovun dəyişikliyindən sonra "Sumqayıt"ın üstünlüyü ilə keçdi. Rəqibin bu gün istəkli olacağını bilirdik. İlk hissədə ehtiyatlı olub, ikinci hissədə daha böyük qüvvə ilə hücum etməyi düşünürdük. Düşünürəm ki, hesab da oyuna görə, ədalətli oldu.

- İki hücumçunuz sıradan çıxıb. Mətbuatda çıxan xəbərlərə görə, kamerunlu hücumçuyla razılaşmısız... 
- Bir neçə futbolçu ilə danışıqlar aparırıq. Kamerunlu futbolçu hücumçu deyil, daha çox cinah oyunçusudur. Artıq yoldadır, bir problem olmazsa, növbəti oyunlara sifariş edəcəyik. Həm Filip, həm də Volkov uzun müddətlik sıradan çıxıb. İki futbolçuya ehtiyacımız var, rəhbərliklə danışmışıq. Çalışacağıq ki, maksimum uğurlu nəticə ilə mövsümü bitirək. Gözləmədiyimiz anda oldu bu zədələr. Çalışırıq ki, bu yoxluqları hiss etdirməyək.