Gənclər və İdman Nazirliyi, AFFA və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində təşkil olunan 3-cü "Ulduz Cup" beynəlxalq futbol turniri başa çatıb.

Rekord.az xəbər verir ki, turnirin bağlanış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, rayon ictimaiyyəti və azarkeşlər iştirak ediblər.

Avqustun 24-dən 27-dək davam edən və 7 ölkədən 12 komandanın mübarizə apardığı yarışın final qarşılamasında Azərbaycanın "Ulduz" Futbol Akademiyası ilə Polşanın "Drukarz" komandası üz-üzə gəliblər. Maraqlı və gərgin mübarizə şəraitində keçən matçda "Drukarz" 1:0 hesabı ilə qalib gəlib.

Üçüncü yer uğrunda oyunda "Qarabağ" Özbəkistanın "Paxtakor" komandasına 0:2 hesabı ilə uduzub.

Sonda qaliblər mükafatlandırılıblar.