Dambrauskasın əl işi olan qələbəyə daha bir baxış - Yazı
- 14:50
- 36
Matçı stadionda media sektordan izləmişdim. Sektor elə yuxarıdadır ki, özünü oyuna dronla baxmış kimi hiss edirsən. Bir şey ki, "Sabah" qol vuranda qolun müəllifini bilmək üçün telefona baxmalı oldum. Taktiki baxımdan, sistemi, gedişatı sırf oyun planı baxımından görmək üçün bəlkə də yaxşıdır, amma ümumən işə fransız qalırsan.
Ona görə bu gün yenidən, normal, yutubdan izlədim.
Bəzi qeydlərim var:
Necə deyərlər, öyrəndik ki...))
- Fasiləyə qədər hər iki komanda faktiki kəşfiyyatla məşğul oldu. "Sabah" daha aktiv başladı. Xüsusilə ilk 20-25 dəqiqədə istər topasahibolmada, istər ötürmə sayında, istərsə də ümumi oyun üstünlüyü təmsilçimizin tərəfində idi. Sonra təbii gələn yorğunluq səbəbindən "bayquşlar" bir qədər nəfər dərdilər. Ona görə də son yaxın qonaqlar nisbətən fəal göründülər. Ancaq nə bizdə, nə də onlarda bu fəallıqlar real qol təhlükəsinə gətirib çıxartmırdı. Bu qəbildən yeganə epizodu çexiyalılae yaxaladı. Onu da Pokatilov hədiyyə etdi. Ayaqla oyun problemini hələ də çözməyən Stasın bizə "2-ci Şahruddin dönəmi"ni yaşatmasına sayıq davranan müdafiəçilərimiz mane oldu.
- Fasilədən yaxşı qayıtdıq. Rəqib hələ oyuna tam köklənməmiş əla əks-hücumla hesabda irəli çıxdıq. Bu qolu daha çox Lepinitsanın aktivinə yazmaq lazımdır. Başlanğıcda topu o aldı, son ötürməni də o verdi. Məncə, Mikelsdənsə "Man of the match"-ı o daha çox haqq edirdi. Bir də Zedadka. Müdafiəçi 90 dəqiqə dayanmadan çalışdı, bəzən hər iki cinahda göründü, çox da gözə çarpmayan Puxaçdan fərqli olaraq hər nöqtədə vardı.
- Qoldan sonra "Slaviya" təzyiqi artırdı. 55-70-ci dəqiqələr arasında super şans da əldə etdilər, Pokatilov əla seyvlə yadda qaldı, digər epizodlarda da fərqlənməyə yaxın oldular, amma istəklərinə nail ola bilmədilər. Bu məqamda Dambrauskas müdaxilə edərək bütün xətləri yenilədi, komandaya təzə nəfəs verdi. Bundan sonra cinahlarımız fəallaşdı, yenidən əks-hücumlara başladıq, öndə basqı edə bildik.
- Son dəqiqələrdə isə "Slaviya" "va-bank"a getməyə məcbur idi. Hücuma o qədər aludə oldular ki, müdafiəni tamam unutdular və biz də bundan yararlandıq. Patrik Mbina əsl forvard kimi davranaraq minimal şansdan istifadə etdi. Həm boş mövqeyə açıldı, həm qapıçıya təzyuü etdi, həm də meydanda olduğu təxminən 20 dəqiqə ərzində topa çox az toxunmasına baxmayaraq, əsas toxunuşu ilə Mikelsə qol pası verdi.
- Pas məsələsində Eyden Makkarti fantastik idi. Adamın oyun ərzində səhv ötürmə verdiyini görmədim. Çox soyuqqanlı, 40 ilin müdafiəçisi kimi oynadı.
- Dambrauskas bu qələbənin baş memarıdır. Rəqibi əla analiz etmiş və heyəti optimala yaxın (heç olmasa 1 azərbaycanlıya şans verə bilərdi) seçmişdi, əvəzetmələri doğru və vaxtında etdi, əsas da hesabdan, gedişatdan asılı olmayaraq komandasını geri oturtmadı, bir topu qorumaq fikrinə düşmədi, öz plan və strategiyasına sadiq qaldı. Litvalı mütəxəssis öz yüksək potensialını növbəti dəfə göstərdi. Belə məşqçilər heç də həmişə ələ düşmür. Qədrini bilək, onun işini izləməkdən zövq alaq.
Kənan Məstəliyev