14 oktyabr 2011-ci il Azərbaycan voleybol tarixinə qızıl hərflərlə yazılan gündür.


Həmin gün Bakının qadın voleybolçulardan ibarət “Rabitə” klubu dünya çempionu adını qazanıb. Qətərin paytaxtı Dohada keçirilən qadın voleybolçuların klublararası dünya çempionatının finalında Türkiyənin “VakıfBank Türk Telekom” komandası ilə qarşılaşan təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanaraq dünya çempionu olub. 15 il əvvəl əldə edilən bu çempionluq Azərbaycan klub voleybolunda qazanılan ən böyük qələbə kimi tarixə düşüb.


Bundan əvvəlki tarixi nəticə də elə 2004-cü ildə yaradılan “Rabitə”nin adı ilə bağlıdır. Belə ki, komanda 2011-ci ildə Avropa Çempionlar Liqasının finalına qədər irəliləyib və gümüş medal qazanıb. Məhz bu nəticə “Rabitə”yə dünya çempionatında iştirak hüququ verib.


2011-ci il 8-14 oktyabr tarixlərində Qətərin Doha şəhərində keçirilən FIVB Qadın Klublararası Dünya Çempionatında “Rabitə” ilə yanaşı, “VakıfBank Türk Telekom” (Türkiyə), “Sollys Nestlé Osasco” (Braziliya), “Chang” (Tailand), “Mirador” (Dominikan Respublikası) və “Kenya Prisons” (Keniya) klubları da mübarizə aparıblar.


Turnirin yarımfinalında “Rabitə” Dominikan Respublikasının “Mirador” klubu ilə üz-üzə gəlib və rəqibini üç setdə (3:0, 25:15, 25:15, 25:8) məğlub edib. “VakıfBank Türk Telekom” və “Sollys Nestlé Osasco” komandaları arasında baş tutan digər yarımfinalda isə Türkiyə təmsilçisi 3:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Dünya çempionu adına Azərbaycan və Türkiyə təmsilçilərinin qarşılaşmasından qalib ayrılan “Rabitə” sahib çıxıb. Braziliyanın “Sollys Nestlé Osasco” klubu isə yarışın üçüncüsü olub. 


Bu tarixi qələbəni qazanan Bakının “Rabitə” komandasının “qızıl heyəti" belə idi: Dobriana Rabadjieva (Bolqarıstan), Mədinə Əliyeva (Azərbaycan), Natalya Məmmədova (Azərbaycan), Nataşa Krsmanoviç (Serbiya), Yasna Maystroviç (Serbiya), Silviya Popoviç (Serbiya), Mira Qoluboviç (Serbiya), Sanja Staroviç (Serbiya), Pelin Çelik (Türkiyə), Nataşa Osmokroviç (Xorvatiya), Keti Radzuvayt (Almaniya) və İrina Jukova (Ukrayna).

Komandanın baş məşqçisi hazırda Serbiyanın idman naziri olan Zoran Qayiç, kapitanı isə milli voleybolçumuz Natalya Məmmədova idi. 


"Rabitə"nin oyunçusu Nataşa Osmokroviç turnirin ən dəyərli oyunçusu (MVP) seçilib. O, eyni zamanda ən məhsuldar oyunçu, ən yaxşı hücumçu və ən yaxşı qəbul edən oyunçu mükafatlarını da qazanıb. İrina Jukova ən yaxşı top ötürücü seçilib.


“Rabitə”nin bu tarixi uğuru dövlətin diqqətindən kənarda qalmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il oktyabrın 18-də komandanın üzvlərini qəbul edib. Görüş zamanı klubun kapitanı Natalya Məmmədova komanda üzvlərinin imzaları olan voleybol topunu Prezidentə təqdim edib. 


“Rabitə”nin dünya çempionluğu Azərbaycan voleybolu ilə yanaşı, bütün ölkə idmanı tarixində də mühüm yer tutur. Bu qələbə Azərbaycan qadın voleybolunun beynəlxalq nüfuzunu artırdı, gənc idmançılar üçün stimula çevrildi. Klubun Avropa və dünya səviyyəsində qazandığı nəticələr Azərbaycanın voleybol ölkəsi kimi tanınmasına, ölkəyə güclü legionerlərin cəlb olunmasına və yerli oyunçuların yüksək səviyyəli yarışlarda təcrübə qazanmasına da şərait yaratdı.


Lakin adını ölkə idmanına qızıl hərflərlə yazan  “Rabitə” fəaliyyətini uzun illər davam etdirə bilmədi və 2015-ci ildə klub bağlandı. Komanda bu gün meydanda qələbələrlə azarkeşləri sevindirə bilməsə də, ölkəmizi beynəlxalq arenada təmsil edə bilməsə də, onun qazandığı nailiyyətlər ölkə idmanı tarixində parlaq səhifələr açıb.