Azərbaycanın "LANDAU Lions" komandası FIBA Avropa Kubokunda Slovakiya təmsilçisi "Prievidza"ya qarşı yaxşı oyun göstərməyə çalışacaq.


Rekord.az xəbər verir ki, bu barədə baş məşqçi Erhan Toker klubun mətbuat xidmətinə açıqlama verib.


O, bu gün baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:


"Matça bacardığımız qədər yaxşı hazırlaşmışıq. NTD ilə görüşdən sonra həmin gecə yola düşdük və uzun bir yol qət etdik. Prievidza şəhərinə çatmaq üçün təxminən 12 saat yol getdik. Bir qədər yorulduq, amma matçöncəsi əsas məşqimizə qədər istirahət edə bildik. Mərkəz oyunçumuz Arnas Sakenis son məşqdə özünü yoxladı. Onun oynayıb-oynamayacağı matç saatında bəlli olacaq. Səfər oyunu olsa da, əlimizdən gəldiyi qədər "Cenevrə" ilə müqayisədə daha yaxşı oyun göstərməyə çalışacağıq".


E.Toker aqressiv oynamaq istədiklərini söyləyib:


"Bu, qrup oyunudur və biz artıq bu tempə alışmalıyıq. Düşünürəm ki, bu matçda kifayət qədər enerjili ola bilsək, yaxşı oyun sərgiləyəcəyik. Bəzən müzakirə olunur ki, müdafiə hücumdan qidalanır, yoxsa əksinə. Mən deyərdim ki, ilk növbədə aqressiv oynaya bilsək, hücumda da yaxşı oyun göstərəcəyik".


Xatırladaq ki, G qrupunun "Prievidza" - "LANDAU Lions" oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.