"Ümumdünya Şahmat Olimpiadasında uğurlu çıxış etmək üçün bəxt amili də vacibdir.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin kapitanı Nicat Abasov deyib.

O, Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində yarışla bağlı fikirlərini bölüşüb:

"Şahmat Olimpiadası hər zaman ağır yarışlar siyahısındadır. İştirakçılar sırasında Çin, Hindistan, Gürcüstan, Qazaxıstan, ABŞ kimi güclü komandalar var. Şübhəsiz ki, əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq. Olimpiadada uğurlu çıxış üçün bəxt amili də vacibdir. Ümid edirik ki, bəxt tərəfimizdə olar. Hazırlıq yaxşıdır, hazırda son təlim-məşq toplanışındayıq ki, yarışa tam hazırlıqlı gedək. Qeyd etmək istərdim ki, bu günlərdə qadın şahmatçılar Basqalda son təlim-məşq toplanışındadır". 
N.Abasov gənc şahmatçıların gələcəyi barədə də danışıb:

"Gənc şahmatçılarla da çalışıram. İyundan etibarən Xaqan Əhmədlə işləyirik. Sevindirici haldır ki, Türkiyə Superliqasında kifayət qədər yaxşı oynadı və beynəlxalq qrossmeyster üçün tələb olunan ilk normanı yerinə yetirdi. Əlbəttə, çoxdan gözlənilən uğurdu. Fikrimcə, çoxdan bu normanı bitirməliydi. Qısa müddətdə titula sahib olacağına inanıram. Məşqçi kimi lazım olan köməyi göstəririk. Tək mən deyil, bütün məşqçilər gənc şahmatçılara dəstək olur. Amma bu sahədə şahmatçıdan çox şey asılıdır. Xaqan Əhmədin gələcəkdə böyük şahmatçı olacağına, milli komandada çıxış edəcəyinə ümid bəsləyirəm".