"Napoli"nin keyfiyyət fərqi
- 11:45
- 24
Əsas məsələ oyunçu keyfiyyəti idi. Matçdan öncə də yazmışdım ki, "Napoli" bizi məhz adlara görə üstələyir. Belə də oldu.
Bizdə Lobotka kimi orta xətt, Hoylund kimi hücum futbolçusu yoxdur. Hələ cinahları demirəm. Bu aspektdə bizi açıq-aşkar üstələdilər. Sürət, texnika...
* Start heyəti düzgün qurulmuşdu, amma Addainin mövqeyi yanlış idi. Mən onun ortadan oynayıb Lobotkanın performansına mane olacağını düşünmüşdüm. Oyun da bunu təsdiqlədi. O zonada pressinqi gücləndirəcək, fəal, enerjili birinə ehtiyac vardı ki, Emmanuel bu işin öhdəsindən gələ bilərdi. Onsuz da hər epizodda topu götürüb ortaya girir, məsələni orda həll etməyə çalışırdı. Əvəzində cinahda görməyə öyrəşdiyimiz Zubir-Cəfərquliyev tandemini izləyə bilmədik.
* Konte komandasının 90 dəqiqəyə güc çatdırmayacağını bildiyindən oyunun əvvəlini "Qarabağ"a verib gözləmə rejimini seçdi. Aktiv pressinqə getmədi, müdafiəyə diqqət etdi, kobud səhvlər etməməyə çalışdı. Təxminən 35-ci dəqiqədən sonra cinahlar işə düşdü, həmin məqamlarda Silva və Cəfərquliyev keçidlərin qarşısını ala, qapımızda təhlükəli epizodların yaranmasına mane ola bilmədilər.
* Fasilədən sonra "Napoli" istəyinə çatdı. Qısa zaman kəsiyində etdikləri basqı ilə müdafiə xəttimizi fərdi səhvlərə məcbur etdilər. Maktomineyin qolundan sonra sakitləşməməkləri də vacib məqam idi. Həmin dəqiqələrdə "Qarabağ" nəfəs dərə bilsəydi, vəziyyət başqa cür də ola bilərdi. Məhz bu məqamda Medinanın yoxluğu özünü büruzə verdi. Onun kimi döyüşçümüz olmadan işlərimizin çətin olacağını gördük. Qarşılaşmanın qırılma nöqtəsi şübhəsiz, Kevinin aldığı zərbə idi. Məncə, "Napoli" yenə də istəyinə çatacaqdı, amma bu, bu qədər asan olmayacaqdı.
* Normal hücumçumuzun olmaması yenə özünü göstərdi. Dirəşməklə deyil: Duran o mövqedə bir həddə qədər effektiv ola bilər. Komandaya ampluası sırf forvard olan, yalnız əzmkarlıq yox, həm də məhz hücumçu instinktlərinə malik birisi lazımdır. Nəriman Axundzadəni tənqid etməklə deyil. Adam 15 dəqiqədə irəli xətdə Kamillonun 75 dəqiqəsindən daha effektiv oldu.
* Addainin gücü, atletik hazırlığı çox yaxşı səviyyədədir, kollektiv pas trafikində də normal iştirak elədi. Amma çox fərdiyyətçidir. Həlledici epizodlarda komandanı yox, özünü düşünməsi və bunu hər dəfə etməsi yaxşı şey deyil. Bir dəfə "Kopenhagen"ə qol vurub deyə, hər dəfə ayağına top düşən kimi qapıya göndərmək bacarıq yox, məsuliyyətsizlikdir. Hələ bir epizodda az qala öz cərimə meydançamızın önündən - 75 metrdən rəqib qapısını "nişan alması" vardı, lap ağ oldu. Kaşuka vermədiyi ötürmə isə bu məsuliyyətsizliyin zirvəsi idi.
* Koxalski elit səviyyəli oyun nümayiş etdirdi.
* Fərdlər üzərindən müzakirələri davam etdirmək olar. Məsələn, Elvin çox zəif idi. Yankoviç formada deyildi, xeyli səhvlər elədi, Leandroya göz açmaq imkanı vermədilər. Siyahını uzatmaq olar. Xülasə budur ki, "Qarabağ" döyüşməklə əldə ediləcək hər şeyi edib, artığını da. Böyük rəqiblərlə xüsusilə səfər matçlarında bu bəs eləmir. Bu matçlarda oyunçu keyfiyyəti ön plana çıxır. Ki, bu məqamda biz "Napoli"dən geridəyik. Faktdır, edəcəyimiz bir şey də yoxdur.
Növbədə "Ayaks"dır. Dekabrın 10-da qazanılacaq qələbə bizi pley-offa çıxaracaq. Ötən il baryer 11 xal olsa da, bu mövsüm 10 xal da yetərli ola bilər. Niderland nəhəngi hazırda ÇL-in aşkar autsayderidir və ilk baxışda bizdən zəif kimi görünür. Ancaq bu "Ayaks"dır, onu ciddiyə almamaq olmaz. Onlar da turniri xalsız başa vurmaq fikrində deyillər və "Qarabağ"la matça dönüş nöqtəsi kimi baxacaqlar. Olsun. Bu, bizim xeyrimizə işləyə bilər. İrəli atılıb onsuz da zəif olan müdafiə xətlərində daha böyük boşluqlar verib şanslarımızı artıracaqlar. Psixoloji üstünlük bizim tərəfdə olacaq. Doğma divarlar amili və yeni bir tarix yazmaq imkanımız bizə böyük stimul verəcək.
Hələ heç nə itirilməyib, əksinə, hələ hər şey qabaqdadır.