Mircavadovun yada düşməsi
- 2022-10-23 10:25
- 1775
İtaliyalı mütəxəssis Canni De Byazinin 66 yaşı var. Ahıl yaşdadı. Evində oturub, nəvələrinə keçmiş xatirələrini, xalq nağıllarını danışan vaxtında Azərbaycan millisinə baş məşqçilik edir. Əvvəllər bəh-bəhlə reklam edirdilər ki, italiyalı mütəxəssis Bakıda yaşayacaq, Azərbaycan futbolunun təkcə bu gününü yox, sabahını da nəzarət altında saxlayacaq. De Byazini sonuncu dəfə Azərbaycan Premyer Liqasının oyununda nə vaxt görmüsüz? Mən şəxsən xatırlamıram.
Bu gün çempionatımızda yetərincə maraqlı, çəkişməli bir qarşılaşma olacaq. 3-cü pillənin sahibi “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edir. Masazır təmsilçisi də 2-ci sıranı özəlləşdirib. Deməli, bu qarşılaşma “Qarabağ”ın əsas rəqibinin kim olacağı sualına da aydınlıq gətirəcək. Həm “Neftçi”nin, həm də “Sabah”ın heyətində milliyə namizəd yetərli sayda futbolçu var. Amma millinin baş məşqçisi onları izləməyi lazım bilmir. Ona elə gəlir ki, gördüyünü görüb, lazımı qədər məlumat toplayıb. Əsas odu ki, AFFA-nın İcraiyyə Komitəsi onunla müqavilənin uzadılması haqda qərar verib. Hər ay bank hesabına Azərbaycan xalqının boğazından kəsilən neft pullarından xarici valyuta maaş köçürürlər.
Dilini boğazına qoymur, hələ bizə minnət də edir. Bu yaxınlarda verdiyi müsahibəsində deyib ki, ona İtaliya klubları da daxil olmaqla üç yerdən təklif var imiş. Amma Azərbaycan millisində çalışmağa üstünlük verib. AFFA İK-nin üzvü Mahir Məmmədov deyir ki, De Byazi AFFA-dan qəpik-quruş alır. Ay-hay, siz dediz, biz də inandıq. Canni De Byazi sizin nəyinizə aşiq olub ki, əliylə pulu geri itələsin, qəpik-quruşa burda çalışsın?
Azərbaycanlı mütəxəssis Ağasəlim Mircavadov dünən 75 yaşını tamamladı. Futbolumuz qarşısında yetərincə xidmətləri var. Beş dəfə Azərbaycan çempionu adını qazanıb, iki dəfə gümüş medalları. Onun rəhbərliyi altında “Neftçi” Ermənistan çempionu “Pünik”i Moskvada məğlub etmişdi. “Xəzər Lənkəran” “Birlik Kuboku”nun finalında “Paxtakor”u məğlub edəndə “gəmiçilər”i Mircavadov çalışdırırdı. Ağasəlim bəy futbolumuzun ən ağır dövrlərində məsuliyyətdən yaxasını kənara çəkməyib, milli komandanı da baş məşqçi kimi meydana çıxarıb.
Onun bu xidmətləri dövlət başçısı cənab İlham Əliyevin də diqqətindən yayınmayıb. Mircavadov 2008-ci ildən “Şöhrət” ordenlidi, 2018-ci ildən isə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Bunlar ölkə başçısının Ağasəlim bəyin xidmətlərinə verdiyi qiymətdi. Bəs AFFA nə edib? Onların Ağasəlim Mircavadova verdiyi dəyər Məşqçilər Komitəsinin üzvlüyü və “boz bina”dakı kabinetlərin birində masayla kreslodu. Bu boyda adam düz 11 ildi ki, məşqçi kimi çalışmır, yaşıl meydanlardan uzaq qalıb. 11 il bundan əvvəl Mircavadovun 64 yaşı vardı. Canni De Byazinin indiki yaşından da iki yaş cavan adamı kabinetdə “həbs edənlər” italiyana qucaq açıb, ölkənin əsas millisini tapşırıblar. Elə Mircavadovun özünü əcnəbilərlə bağlı bir məşhur sözü var. Deyir ki, əcnəbilərin “suyu” şirin olur.
Yubileyi münasibətiylə Mircavadovu AFFA da və ona doğma olan “Neftçi”də xatırlayıblar, çağırıb üzərinə “75” yazılan forma ilə təbrik ediblər. Buna da şükür, Nazim Süleymanova heç bunu da etmirlər...