“Mançester Yunayted” Ruben Amorimin baş məşqçi vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.


Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, portuqaliyalı mütəxəssislə əməkdaşlığa son qoyulub.


Hazırkı mövsümdə "qırmızı-şeytanlar" İngiltərə Premyer Liqasında 20 oyundan 31 xalla 6-cı yeri tutur.


"Mançester Yunayted" istefanın səbəbləri ilə bağlı açıqlamada bildirib: 


“Ruben 2024-cü ilin noyabrında bu vəzifəyə təyin olunmuş və may ayında komandanı Bilbaoda keçirilən UEFA Avropa Liqasının finalına çıxarmışdı. “Mançester Yunayted” Premyer Liqada 6-cı pillədə qərarlaşdığı üçün klub rəhbərliyi çətin də olsa, dəyişiklik etməyin doğru vaxt olduğuna qərar verib. Bu addım komandanın Premyer Liqanı mümkün olan ən yüksək mövqedə başa vurması üçün ən yaxşı imkan yaradacaq. Klub Rubenə verdiyi töhfələrə görə təşəkkür edir və gələcək karyerasında ona uğurlar arzulayır. Darren Fletcher çərşənbə günü “Bernli”yə qarşı oyunda komandanı meydana çıxaracaq".


Xatırladaq ki, Ruben Amorim 2024-cü ilin noyabr ayında “Mançester Yunayted”in baş məşqçisi təyin olunmuşdu. O, bu vəzifəyə qədər Lissabon “Sportinq”ini çalışdırıb və klubla Portuqaliya çempionluğunu qazanıb.