
“Kəpəz”lə “Şamaxı”nın güc yoxlama mərasimi
- 16:05
- 207
2008-ci ilin avqustunda “Xəzər Lənkəran” “Beşiktaş”la yoldaşlıq görüşü keçirmək üçün İstanbula yollanmışdı. Bu yoldaşlıq oyunu Oktay Dərəlioğlunun futbolla vidalaşmasının şərəfinə keçirilirdi. Adətən bu cür oyunlarda azarkeşlər qollardan, mübarizədən zövq alırlar, hesab arxa plana keçir. Əksər hallarda 90 dəqiqənin sonunda da bərabərlik qeydə alınır. Düzdür, “Xəzər Lənkəran” həmin vaxt Azərbaycanın ən güclülərindən sayılırdı, yetərincə yaxşı heyəti var idi. Amma “Beşiktaş”a müqavimət göstərmək mümkün olmadı. “Qara qartallar” da Azərbaycandan gələn qonaqlara qarşı amansız davranı və görüş 4:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatdı.
Mən də həmin dövrdə Almatıda türklərin şirkətində işləyirdim, dostlarımla birlikdə oyunu izləyirdik. “Beşiktaş” hər dəfə qol vurduqca türk dostlarım mənimlə zarafatlaşır, komandamızın zəif olduğunu deyirdilər. Özümü müdafiə etmək üçün dedim ki, “Beşiktaş” xəyanət etdi, yoldaşlıq oyunu adıyla “Xəzər Lənkəran”ı öz meydanına çağırıb, yoldaşlığa yaraşmayacaq şəkildə qonağın qapısına dörd cavabsız top vurdu. Sanki bir uşağı “sənə şokolad verəcəm” deyib, evinə dəvət edirsən, orda da onu döyməyə başlayırsan. Mənim bu sözlərimə dostlarım xeyli gülmüşdü, aralarında bir neçəsi razılaşdığını da bildirmişdi.
Məlum məsələ idi ki, 4:0 hesabı dostluğun, yoldaşlığın ruhuna uyğun deyildi. Eyni zamanda da bu hesab iki komanda arasında səviyyə fərqinin göstəricisi idi. Bu oyundan təxminən iki ay sonra Xarkov “Metallist”i “Xəzər Lənkəran”ın qisasını “Beşiktaş”dan aldı. Avropa Liqasında qarşılaşan komandaların duelində Ukrayna təmsilçisi üstün oldu, özü də “Beşiktaş”ın qapısına 4 qol vurdular. Kefim kök idi, bu dəfə ələ salmaq növbəsi mənə çatmışdı. Dostlarıma deyirdim ki, bu da “Xəzər Lənkəran”ı İstanbula çağırıb, başına oyun açmaq deyil, “Beşiktaş”ın hünəri var idisə, “Metallist”ə də o qədər qol vurardı.
Premyer Liqanın yeni mövsümünə hazırlaşan “Kəpəz”lə “Şamaxı” da yoxlama görüşündə üz-üzə gəliblər. Qarşılaşma “Şamaxı”nın 6:1 hesablı qələbəsiylə yekunlaşıb. Ayxan Abbasovun çalışdırdığı “Şamaxı” “Kəpəz”in çətin vəziyyətindən istifadə edib, gücünü yetərindən artıq dərəcədə yoxlayıb. Hər halda heç də hər yoxlama görüşündə bu cür hesab qeydə alınmır. “Şamaxı” fürsəti əldən buraxmaq istəməyib, yeni mövsüm öncəsi əhval-ruhiyyəni qaldırmaq, azarkeşlərini ümidləndirmək üçün ərinməyib, “Kəpəz”in qapısına 6 qol vurublar. Son illərdə “Kəpəz”i çətin vəziyyətdə görməyə alışmışıq. Komandanın sponsoru, qətiyyətli rəhbərliyi olmurdu, amma əzmkar baş məşqçisi və futbolçuları olurdu. İndi yeni rəhbərlik var, sponsor da tapılıb. Bu dəfə digərləri yoxdur. “Şamaxı”dan 6 qol buraxan “Kəpəz”in rəsmi oyunlarda “Qarabağ”ın, “Zirə”nin, “Sabah”ın və digər iddialılar qarşısında nə günə düşəcəyini proqnozlaşdırmaq heç də çətin deyil.
Allah gəncəli azarkeşlərə səbr versin. “Kəpəz”in baş məşqçisi Adil Şükürovun 1:6 hesablı məğlubiyyətdən sonrakı açıqlamasını oxuyuram. Deyir ki, boşluqlarımız çoxdur, yoxlama oyunlarında biz bunu daha çox görüb çempionata yaxşı hazırlaşmalıyıq. Bu dəfə həna o hənadan deyil, Adil bəy. “Kəpəz”in boşluqları boydan-boyadır, heç dolu tərəfi görünmür. İşiniz çətin olacaq, bu qədər boşluğu 15 günə doldurmaq olar?!
Yazar haqqında
