16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası
19-22 noyabr tarixlərində Latviyanın paytaxtı Riqada keçirilən Avropa
çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal
Assosiasiyası – EEVZA) beşinci olub. "Rekord.az" xəbər verir ki, komandamızın baş məşqçisi Cahangir Seyed Abbasi voleybolçularımızın çıxışını dəyərləndirib.
"Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası - EEVZA) ilk oyunumuz ev sahibi olan Latviya millisi ilə oldu. Oyuna yaxşı başlamışdıq amma birinci setin ortalarında əsas oyunçularımızdan birinin zədələnməsi komandaya mənfi təsir göstərdi və müəyyən ruh düşkünlüyü yaratdı. Həm bu oyunda, həm də növbəti oyunda məğlub olduq.
Sonuncu qarşılaşmamızda isə Ukrayna millisi ilə üz-üzə gəldik. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu bütün komanda yaxşı anlayırdı. Sevindirici haldır ki, bu oyunda hər bir oyunçumuz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Komandamız gözəl oyun nümayiş etdirdi, bütün tapşırıqları düzgün icra etdi. Açığı, 3:0 hesablı belə inamlı qələbə qazanacağımızı gözləmirdik. Bu qarşılaşma oyunçularımıza düzgün və intizamlı oyunun hansı nəticələr verə biləcəyini də göstərdi.
Düşünürəm ki, ilk oyunda oyunçumuz zədələnməsəydi, digər qarşılaşmalarda da daha yaxşı nəticələr əldə edə bilərdik. Buna baxmayaraq, komandamızın çıxışından razı qaldım.
Əlbəttə, istəyimiz bu yarışda bütün oyunlarda qalib gəlmək idi. Lakin burada mübarizə aparan komandaların hər birinin uşaq voleybolunda böyük təcrübəyə malik olduğunu bilirdik. Buna baxmayaraq, biz də üzərimizdə işləməyə davam edəcəyik. İnanıram ki, qarşıdakı yarışlarda bu təcrübədən düzgün nəticə çıxararaq daha yaxşı çıxış edəcək və uğurlu nəticələr qazanacağıq.
Mən hər zaman komadamıza dəstək olan və bizə inanan Azərbaycan Voleybol Federasiyasının rəhbərliyinə, komandamızın məşqçi, həkim heyətinə və azarkeşlərə təşəkkür edirəm".