"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində "Tvente"yə 1:4 hesabı ilə məğlub olaraq avorkuboklarda mübarizəni dayandırmalı olub.

Rekord.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Təəssüf ki, məğlub olduq. Belə nəticə istəmirdik. Əlbəttə, səhvlərimiz var idi, amma meydanda mübarizə aparan bir kollektiv gördüm. Çatışmazlıqlarımız oldu. Rəqibi təbrik edirəm. Heç olmasa Konfrans Liqasının əsas mərhələsinə yüksəlmək istəyirdik. Bundan sonra işimizə daha məsuliyyətlə yanaşmalıyıq. Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Azarkeşlər möhtəşəm ab-hava yaratdılar.”

- Oyunda dönüş nöqtəsi hansı məqam oldu?

- Hücumda rotasiyalar edə bilmirdik. Çatışmazlıqlarımız var idi və belə bir komandaya qarşı hücumda daha sürətli olmalı idik. “Tvente” topla çox yaxşı davranır.

- Avrokuboklardan kənarda qalmağın komandanın daha da birləşməsi baxımından faydalı olduğunu düşünürsünüz?

- Dəyişikliklərə başlayanda rəhbərliklə uzun söhbətimiz oldu. Hiss olunurdu ki, dəyişikliklər zəruridir. Bunu nəzərə alsaq, bəlkə də avrokuboklarda iştirak etməmək bizə fayda verəcək. Amma Avropa təcrübəsi də artıq olmazdı. Bu, futbolçular üçün əlavə məsuliyyət və əlavə təcrübə demək idi. Komandada dəyişikliklər etməyə çalışırıq və ümid edirəm ki, bu dəyişikliklər yaxşıya doğrudur. Futbol hər il inkişaf edir və komanda formalaşdırmaq, rəqiblərlə bərabər səviyyədə oynamaq üçün biz daha da inkişaf etməliyik.

- Hamı bilir ki, sevimli rəqəminiz 13-dür. Avrokuboklardakı seriyanız da məhz 13-cü ildə dayandı...

- Mən elə şeylərə çox da inanmıram. Sadəcə, 13 rəqəmini özümüz seçmişik. Belə detallara diqqət yetirməyə dəyməz.

- Bruno Lanqunu niyə əvəzlədiniz?

- O, ikinci sarı vərəqəni ala bilərdi. Oyun gərginləşirdi və risk etməmək üçün onu meydandan çıxardıq.

- Liqada yenidən çempionluğu qaytara biləcəksiniz?

- Çempionatda rəqabət artıb. “Sabah”, “Neftçi”, “Zirə” güclənib. “Turan Tovuz”u da qeyd etməliyəm, yaxşı heyət formalaşdırıblar. Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, futbolçular optimal formaya çatacaqlar.

- Azarkeşi olduğunuz “Barselona” Bakıda “Sabah”la oynayacaq...

- Stadionda olsam, “Sabah”a azarkeşlik edəcəyəm. Onlara uğurlar arzulayıram. Burada əlavə ediləsi çox şey yoxdur. “Barselona”ya digər oyunlarda azarkeşlik edəcəyəm.

- Məğlubiyyətə görə bütün tənqidlər sizin ünvanınıza gəlir. Əsas iradlar heyətin kasad olması və transferlərin məhz bu gün, oyun günü açıqlanmasıdır. Gecikmisiniz?

- Gecikdik. Ümumi transfer işlərinə yanvar ayından başlamışdıq. Əldə etdiyimizi tez bir zamanda etdik. Əgər bu transferlər heç olmasa 10 gün əvvəl həll olunsaydı, faydası ola bilərdi. Alınmadı... Heyətlə bağlı problemlərimiz də var idi, gözlənilməz zədələr baş verdi. Artıq itirəcək heç nəyimiz yoxdur. Görünür, bu gün bizə məğlubiyyət qismət idi. İndi əsas sual budur ki, buna necə reaksiya verəcəyik. (Sportal)