Brahim Dias Afrika Millətlər Kubokunun tarixinə düşdü
- 10 Yan 2026 16:30
- 51
Mərakeş millisinin və Madrid “Real”ının hücumameyilli yarımmüdafiəçisi Brahim Dias Afrika Millətlər Kubokunun tarixinə düşüb.
Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu turnirin final mərhələsində ardıcıl beş oyunda qol vuran ilk futbolçu olub.
Afrika Millətlər Kuboku–2026-da Dias Mərakeş yığmasının keçirdiyi bütün oyunlarda fərqlənib. O, qrup mərhələsində Komor adalarına (2:0), Maliyə (1:1) və Zambiyaya (3:0) qarşı matçların hərəsində bir qol vurub. Daha sonra 1/8 finalda Tanzaniyanın qapısına yol tapıb (1:0), 1/4 finalda isə Kameruna qarşı keçirilən oyunda (2:0) fərqlənib.
Diasın bu məhsuldar seriyası Mərakeşin yarımfinala yüksəlməsinə böyük töhfə verib. Yarımfinalda komanda Əlcəzair – Nigeriya cütünün qalibi ilə üz-üzə gələcək.
Brahim Dias İspaniyada doğulub, İspaniyanın aşağı yaş qrupları üzrə millilərində çıxış edib və əsas milli komandanın heyətində də yoldaşlıq oyunlarında meydana çıxıb. Lakin 2024-cü ildə idman vətəndaşlığını dəyişərək, atasının mərakeşli olması səbəbindən Mərakeş millisini seçib.