Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 2020-ci il martın 12-də koronavirus epidemiyasının qlobal pandemiya elan olunması nəzərə alınaraq, UEFA İcraiyyə Komitəsinin 17 mart 2020-ci il tarixli iclasında AÇ-2020-nin daha əvvəl açıqlanan tarixdən bir il sonra - 2021-ci il iyunun 11-dən iyulun 11-dək olan müddətdə keçirilməsi barədə qərar qəbul olundu. Bundan əlavə, UEFA-nın qərarında qeyd olundu ki, pandemiya ilə əlaqədar AÇ-2020-nin oyunlarının keçiriləcəyi stadionlara azarkeşlərin hansı sayda və prosedurlar əsasında buraxılacağı barədə qərar yerli hökumət və dövlət strukturları tərəfindən qəbul ediləcək.


Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və AÇ-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Qərar yerli azarkeşlərlə yanaşı, oyunlarda iştirak edən milli komandaların mənsub olduğu ölkələrin vətəndaşlarına da şamil olunacaq (viza və koronavirusla bağlı müvafiq tələblərin yerinə yetirilməsi şərtilə). Məsələ ilə bağlı bütün zəruri məlumatlar UEFA-ya təqdim olunub. Azarkeşlərin AÇ-2020-nin Bakı şəhərində keçiriləcək oyunlarını stadionda izləməsi üçün tətbiq olunacaq prosedurlarla əlaqədar yaxın gələcəkdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.


Bu məlumatı AFFA-nın rəsmi saytı yayıb. Göründüyü kimi, assosiasiya Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqi ilə UEFA-ya Bakıda keçiriləcək oyunlarda azarkeşlərin iştirakını təsdiq edən sənəd yollayıb. Yəni fanatlar AÇ-2020-in matçlarını Bakı Olimpiya Stadionundan izləyə biləcəklər. Qərardan sonra iki məsələ ortaya çıxır. Stadion uzunmüddətli fasilədən sonra azarkeşli oyunların keçirilməsinə hazırdı? AÇ-2020-nin qarşılaşmaları zamanı hansısa problem yaşanmayacaq? Suallarımızı Bakı Olimpiya Stadionun direktoru Cavid Qarayevə ünvanladıq: “UEFA AÇ-2020 ilə bağlı qərar qəbul etdi ki, oyunlara azarkeş buraxılmalıdı. Bəli, bu doğrudu. Ötən il tədbirə bir neçə ay qalmış pandemiyanın tüğyan etməsi nəinki idman, başqa sahələri də hazırlıqsız yaxaladı. Son bir ildə UEFA bütün mümkün variantlardan istifadə edərək ev sahibi şəhərləri oyunları qəbul etməyə çağırdı.


Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın və AÇ-2020-nin yerli təşkilat komitəsinin birgə iclasında UEFA-nın tövsiyələri və Bakı şəhərində pandemiya ilə bağlı mövcud vəziyyət nəzərə alınaraq Bakıda keçiriləcək 4 oyunun hər birində Bakı Olimpiya Stadionunun ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin COVID-19-la bağlı müvafiq prosedurların yerinə yetirilməsi şərtilə iştirak edə biləcəyi barədə qərar qəbul olunub. Bildiyiniz kimi, biz ötən il 100 faiz üçün hazırlaşmışdıq, lakin tədbirə bir neçə ay qalmış turnir təxirə salındı. Bu oyunlar üçün də mövcud qayda və tələblərə uyğun hazırlıq işlərini davam etdirəcəyik. Pandemiya şəraitində 3 oyun təcrübəmiz var deyə, düşünmürəm ki, hansısa çətinlik yaşayaq. Ötən il pandemiya olmasaydı, əminəm ki, bu qarşılaşmaları ən uğurla həyata keçirən şəhərlərdən olacaqdıq. Bunu bu il də bacaracağımıza əminəm. Fövqəladə vəziyyət olmazsa, oyunların təşkilində hansısa problem çıxmayacaq. Deyə bilərəm ki, hətta işin böyük hissəsi tamamdı. Son tamamlama işləri gedir. Son qərara uyğun müəyyən dəyişikliklər edəcəyik”.


Qərar verilib və BOS da bu prosesin həyata keçirilməsinə hazırdı. Lakin Azərbaycan premyer-liqasının matçlarına pandemiya səbəbindən azarkeşlər buraxılmır. Bu problem həllini tapacaq? PFL çempionat qarşılaşmalarında fanatların iştirak etməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcək? Ölkə olaraq böyük turnirin təşkilatçılarından biri olacağıq və ictimaiyyəti buna hazırlamaq lazımdı. Məsələ ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin fikirləri belə oldu: “Bəli, qərarla tanışam. AFFA-nın rəsmi saytında məlumat təsdiqlənib. AÇ-2020-in qarşılaşmalarında müəyyən prosedurlara uyğun Bakı Olimpiya Stadionuna azarkeşlər buraxılacaq. Lakin bu qərar yerli çempionata şamil olunmayıb. Bildiyiniz kimi, hər gün TƏBİB tərəfindən virusa yoluxan şəxslərin sayı açıqlanır. Artım müşahidə olunur. Bu səbəbdən də indiki halda Azərbaycan premyer-liqasının matçlarına azarkeşlərin buraxılması gündəmdə deyil. Növbəti günlərdə yoluxanların sayında azalma müşahidə olunsa, Operativ Qərargaha oyunlara fanatların buraxılması ilə bağlı müraciət etməyi müzakirə edə bilərik. Biz daim onlarla əlaqədəyik. Bundan əlavə, Avropa Peşəkar Futbol Liqalarının üzvüyük. Onlarla daim müzakirələr edirik. Avropada da durum ürəkaçan deyil. Hətta Sloveniyada çempionat dayandırılıb. Avropada? sadəcə, Rusiya və İsrail çempionatlarının matçlarına azarkeşlər buraxılır. Burda da limit tətbiq olunur. İndiki məqamda hər kəs üçün əsas məqsəd çempionatı başa çatdırmaqdı. Bütün Peşəkar Futbol Liqaları çalışır ki, çempionatların yarımçıq dayandırılmasının qarşısı alınsın. Sizə təqdim etdiyim siyahıya diqqətlə baxın. Burda AÇ-2020-ni keçirəcək ölkələrin adları qeyd olunub. Yalnız Rusiyada oyunlara müəyyən sayda azarkeşlər buraxılır. Digər ölkələrdə vəziyyət bizdə olduğu kimidi”. ("Futbol plus")