
Ayxan Abbasov: "Rəqiblə bizi eyni səviyyəyə qoymaq olmaz"
- 09 Okt 2025 22:00
- 94
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması sabah Fransa millisi ilə qarşılaşacaq. Rekord.az-ın Parisə ezam olunmuş müxbiri xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
"Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz bəllidir. Son illərin ən güclü komandalarından biridir. Bilirik ki, bu komandada ulduzlar oynayır. Biz də oyuna ciddi hazırlaşmışıq. Son matçdan sonra futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Sabah da rəqibə azarkeş dəstəyi olacaq. Futbolçularım mübarizədən çəkinməyəcəklər. Bütün güclərini meydanda qoyacaqlar. Fransa illərdir bir məşqçinin rəhbərliyi altında çıxış edir. Bu cür komandalara qarşı oynamağın özü motivasiyadır".
- Matçla bağlı düşüncəniz necədir?
- İlk gündən futbolçuların məşqə yanaşması yaxşı idi. Belə oyunlarda gərginlik olur, futbolçulara təzyiq də olur. Çalışırıq ki, bunu çox da oyuna yansıtmayaq. Çox fikirləşəndə bu da mənfi təsir edir. Futbolçuların əhval-ruhiyyəsini yüksəltmək üçün gəzinti də oldu. İnanıram ki, oyunçular o stresdən çıxıb, oyuna tam hazırlaşacaq.
- Mbappe bildirib ki, sabah Jirunun rekordunu qırmağa çalışacaq. Bu, sizin futbolçuların motivasiyasını artırır?
- Bu futbolçular statistikaları daha yaxşı etmək üçün qol vurmaq, rekordlar qırmaq istəyirlər. Normaldır. Rəqibin son oyunlarını da təhlil etmişik. Mbappenin belə deməsi futbolçularımızda bir az hirsi artıra bilər. Biz daha soyuqqanlı, daha sakit bu oyuna yanaşmalıyıq. Reallıq da var. Bu gün rəqiblə bizi eyni səviyyəyə qoymaq olmaz. Biz də gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu oyunlarda qazanmalıyıq. Futbolçularımız özlərini göstərməlidilər ki, gələcəkdə özümüzə yaxın rəqiblərə qarşı başabaş ya üstün oynayaq. Fransa ilə son dəfə 20 il öncə qarşılaşmışıq. Güclü komandalarla oynamaq özü də möhkəmlik gətirir.
- Azərbaycan möcüzə üçün nə etməlidir?
- Müasir futbolu təhlil etsək, oyunda şansların kimin tərəfdə olması önəmlidir. Oyuna çox şeylərlə hazırlaşırsan, elə vəziyyətlər olur ki, hər şey alt-üst olur. İnanıram ki, şans bizim tərəfimizdə olacaq. Futbolçulardan istəyim odur ki, nə baş versə də, təslim olmasınlar. Bu, bizim üçün vacibdir.
- Heyəti müəyyənləşdirmisiz?
- Hazırdır. Son oyuna yaxın heyətdir. İki oyunu düşünüb addım atacağıq. Üç gündən sonra bizi daha çətin matç gözləyir. Ötən oyunlarda 4 günlük pauza var idi, bu dəfə 3 gün. Bəzi oyunçularımız ağır qrafikdən gəliblər. Onlar həm liqada, həm də ÇL-də oynayır. Bütün bunları nəzərə alacağıq. Bütün oyunçularımıza güvənirik. Məşqlərdə də hər kəsin şansı gözlədiyini gördük. Millidə rəqabətin olması vacibdir. Sabah kim oynasa, inanıram ki, öhdəsindən gələcək.
- Özünüzü necə hiss edirsiz?
- Gözəl hissdir. Mənim üçün də ilkdir. Nələrəsə nail olmaq istəyirsənsə, işlərdən keçirsən. Belə böyük oyun oynamaq biz məşqçilərin gələcəyi üçün şansdır. Avropa və dünya çempionuna qarşı oynamaq, onu təhlil etmək başqa hissdir. Məşqçi heyəti ilə birlikdə futbolçuları oyuna hazırlaşdırmağa çalışdıq.