
Sistemin növbəti qələbəsi
- 10:35
- 67
Gün ərzində, elə qarşıdakı digər günlərdə də "Kopenhagen" qələbəsinin müxtəlif aspektlərinə toxunacağıq. Hissə-hisə edək bunu.
İlk olaraq, işin taktiki-texniki tərəfini müzakirə etməliyik. Çünki hər şey məhz bunun üzərində qurulur.
Başlayaq, lap startdan. Hər iki komanda meydana optimal heyət və ənənəvi düzülüşlə çıxmışdı. Qonaqlar mərkəzdə xətti yarımmüdafiəli 4-4-2, biz isə klassik 4-2-3-1-lə başlamışdıq. "Qarabağ" üçün əsas sual zədəli Yankoviçin mövqeyində kimin oynayacağı idi ki, gözlənildiyi kimi iş Kadiyə həvalə olundu. O mövqedə heç də ideal oynamadığını çempionatda "Qəbələ" ilə matçda görmüşdük. Ancaq Kuakudan başqa alternativi olmayan Qurban Qurbanov formada olan və heç olmasa 60-65 dəqiqə həm müdafiədə effektiv olacaq, həm də hücuma kömək edəcək birini seçdi. İlk yarıda Borges dəfələrlə uzun ötürmələr verərək cinahlardakı aktivliyimizi dəfələrlə artıra bildi.
Ümumilikdə isə "Qarabağ" rəqibi təzyiq altında saxlamaq, onun öz planlarını həyata keçirməsinə mane olmaq üçün ilk 45 dəqiqəni faktiki meydanın danimarkalılara aid olan hissəsində keçirdi. "Kopenhagen" bu cür intensiv basqını gözləmirdi, 3-4 dəfə müdafiədən çıxardıqları top az qala anında geri qayıdınca nə edəcəklərini bilmədilər. Deyərdim ki, onlara qarşı bu üstünlüyü ilk turda heç "Bayer" də əldə edə bilməmişdi. Ard-arda epizodlar əldə etsək də, onlardan yararlanmamağımız məyus edirdi. Fasiləyə qədər qonaqlara heç bir şans vermədəm 4 şans qaçırdıq. Azı 3 top fərqi olmalı idi.
Neestrup ikinci yarıya ciddi dəyişikliklə başladı. Sxem 4-4-2-dən 3-4-3-ə, daha dəqiq desək, faktiki 3-2-5-ə şahidlik etdik. Bu mövsüm "Kopenhagen" bunu yalnız bir dəfə - Kosovo "Drita"sıyla etmişdi ki, o da məcburiyyətdən atılan addım olmuşdu. Çox yaxşı futbolçular olmasına baxmayaraq, oyunda varlığı ilə yoxluğu bilinməyən Robert və Moukokonu çıxaran məşqçi köklü dəyişiklik istəyini büruzə verdi. Bundan sonaqlar daha aktiv oynadılar, cinahları işə düşdü, sürət və temp hesabına cərimə meydançamıza daha çox daxil olmağa, təhlükəli vəziyyətlər yaratmağa başladılar. 20 dəqiqə "Qarabağ"ı qapısına sıxan və xeyli epizoda girən Danimarka təmsilçisində dəqiqlik çatmırdı. Xüsusilə standart vəziyyətlər, asmalar zamanı "ikinci mərtəbə"də rəqibə çox uduzurduq. Bu məqamda yorulan Kaşukun yerinə öndə top tuta biləcək və komanda yoldaşlarına nəfəs dərmək imkanı verəcək birinin çıxmasına ehtiyac vardı. Hoca Addaini seçdi ki, bu da doğru seçim idi, "Benfika" səfərində də sınaqdan keçirilmişdi.
Məhz bu məqamda demək olar ki, meydanda klassik hücumçunun olmaması öz mənfi təsirini göstərirdi. Duranın lazım olan pressinq qabiliyyətinə malik olmaması məşqçinin planlarını pozurdu. O mövqedə sırf forvard olan birisi olsaydı, ön xətdə daha effektiv oynaya bilərdik. Kamillo az qalan bütün (xüsusilə hava) mübarizələri uduzdu, pressinqdə sadəcə say olaraq iştirak etdi, çətin vaxtlarımızda isə top saxlayaraq arxa və orta xəttimizin yerləşməsinə, mövqe oyunu qurmasına kömək edə bilmədi. Məhz bu matç göstərdi ki, sağlam olacağı halda Nəriman Axundzadənin alternativi yoxdu. Duran o mövqenin adamı deyil.
Yankoviçin yoxluğu xüsusilə ikinci hissədə aşkar göründü. Orta xətdə Kadi yaradıcılıq, Pedro isə dağıdıcılıqda yaxşı olsalar da, Marko bunun hər ikisi bacaran biri kimi köməyimizə gələ bilərdi. Ancaq Bikalyonun da haqqını yeməyək. Adam möhtəşəm oynadı. Ot örtüyü yaxşı olmadığından oyun demək olar ki iki cəbhədə - rəqib və meydança ilə mübarizədə keçdi ki, dar macalda əla ötürmələr verməyə də imkan tapan yarımmüdafiəçi ona olan güvənin boş olmadığını göstərdi.
Müdafiədə çox təmkinli olmağımız, maksimum paslaşma ilə çıxmağımız da təəccüblü idi. Çünki bu örtükdə istənilən an fors-major yaşana, pis nəticələrə gətirib çıxara bilərdi. Ancaq riskə getməyənin qələbə qazanma şansı da az olur. Hoca bu yolla rəqib komandanı özünə çəkmək, orta xəttimizdəki oyunçuların uzun ötürmələriylə qonaqların müdafiəsinin arxasındakı boşluqları tapmaq və istifadə etmək istəyirdi. Riskli olsa da, plan işlədi.
Bu qələbəni növbəti dəfə "Qarabağ"ın qurduğu və uzun illərdi uğurla tətbiq etdiyi, gün keçdikcə də möhkəmləndirdiyi sistemin aktivinə yazmaq olar. Komanda oyunu, ciddi taktiki intizam və döyüşkənliyin təbliğ və tələb olunduğu bu mexanizm hələ uzun müddət "köhlən atlar"ın köməyinə gələcək. Minimal imkanlarla maksimum nəticə əldə etməyin yeganə yolu məhz budu.
Yazar haqqında
