Bu gün Qubada cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokunun rəsmi açılış mərasimi baş tutub.


Rekord.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Albert Qmayner və digər rəsmi şəxslər iştirak ediblər.


Gənclər və idman naziri Fərid Qayıbov çıxışında idmançıları hər zaman güclü olmağa çağırıb. O qeyd edib ki, dövlət tərəfindən idmanın inkişafına yüksək səviyyədə qayğı göstərilir. Nazirin sözlərinə görə, bölgələrdə beynəlxalq yarışların təşkili bu sahənin inkişafına ciddi töhfə verəcək. O, bütün iştirakçılara uğurlar arzulayaraq güclü olanın qalib gəlməsini arzulayıb.


Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov isə çıxışında Qubanın artıq belə nüfuzlu turnirlərin davamlı ev sahibinə çevrildiyini bildirib. O vurğulayıb ki, qonaqları burada görmək onlar üçün qürurvericidir. İ.Mahmudov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyib və yarışın təşkilində əməyi olan hər kəsə təşəkkürünü çatdırıb.


Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Avropa Cüdo Birliyinə göstərilən etimada görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu turnir Federasiya üçün böyük əhəmiyyət daşıyır. O əlavə edib ki, qurum regionlarda cüdonun kütləviləşdirilməsi, idman infrastrukturunun inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. R.Rəsullu turnirin bölgələrdə təşkilinin Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı ilə bağlı tapşırıqlarının icrasına uyğun olduğunu da vurğulayıb.


Avropa Cüdo Birliyinin idman komissarı Albert Qmayner çıxışında qurumun prezidenti Laslo Totun salamlarını çatdırıb. O qeyd edib ki, Quba Avropa Kuboku əhatə dairəsi və gənc idmançıların inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Qmayner əmin olduğunu bildirib ki, bu tatamidə çıxış edən cüdoçulardan bəziləri gələcəkdə Avropa və dünya çempionatlarında qalib olacaqlar. O, Quba Avropa Kubokunu açıq elan etdiyi üçün böyük qürur hissi keçirdiyini də qeyd edib.


Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Qeyd edək ki, iki gün davam edəcək Avropa Kubokunda 12 ölkədən 354 yeniyetmə cüdoçu mübarizə aparır.


Azərbaycanın yeniyetmə cüdoçuları Qubada keçirilən Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar. Yığma üzvləri 3 qızıl, 3 gümüş, 6 bürünc mükafat əldə ediblər.


Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) qızıl, Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Royal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala sahib çıxıb.