“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında sabah “Vestri”yə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– İlk oyunumuzdur, dəyişikliklər var, çalışırıq ki, problemlərimiz hiss olunmasın. Əfsuslar olsun, bəzi çatışmazlıqlarımız var. Amma ümumi götürəndə, hazırlıq pis getmir. Zamanla hər şey axarına düşəcək. Yaxşı kollektiv formalaşdıracağıq və qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyik.

– Kamilo Duranın transferi ilə bağlı vəziyyət nə yerdədir?
– Duran “Seltik”in düşərgəsindədir. Bir neçə saat əvvəl məlumatımız var idi ki, tibbi müayinədən keçir. Hər şey qaydasında olsa, ayrılmaq ehtimalı böyükdür.

– Yeni oyunçuların adaptasiyası necə gedir?
– Yaxşı olanlar da var, pis də. Tez qoşulanlar özlərini yaxşı hiss edirlər. Bir neçə futbolçunun gec uyğunlaşması məsələsi də var.

– Duranın da gedişini nəzərə alsaq, hücum xətti ilə bağlı nələr düşünürsünüz?
– Duran bizim əsas oyunçumuz idi. Avropa oyunlarında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri oldu. İstəyi, qabiliyyəti var idi. Onun gedişi bizdə hansısa çatışmazlıqlar yarada bilər. Duranı itiririk, amma eyni zamanda Avropa bazarında iştirak etməyimiz də önəmlidir. Son vaxtlarda “Qarabağ”dan nə qədər oyunçu ölkə xaricinə gedib. Bu, özü bizim üçün əlavə üstünlükdür. Avropada bizə qarşı diqqət artır, oyunçularımıza baxan ölkələr çoxalır. Duran kimi futbolçunun daim komandamızda olmağını istərdim. Bir neçə mövqedə oynamağı bacarırdı. Yeni transferlərdən bəziləri sabah meydanda olacaq.

– Durandan başqa kiminsə gedişi gözlənilir?
– Ciddi təklifi olan futbolçu yoxdur. Hansısa oyunçunun getmək ehtimalı olduğunu bilmirəm.

– İslandiyaya uzun səfəriniz olacaq. Bu, hansı çətinlik yarada bilər?
– Püşkatmada heç vaxt fərq qoymamışam, istəyimlə olan bir şey deyil. Hər zaman Allahdan xeyirlisini arzu etmişik. O qədər olub ki, ilk mərhələdə güclü komandalarla qarşılaşmışıq, amma yenə razı olmuşam. Düzdür, 7 saat yarımlıq səfərimiz olacaq. Lakin püşkdən sonra buna uyğun proqram hazırlamışıq.

– Elvin Cəfərquliyev sabah meydanda olacaq?
– Elvinin oynamaq ehtimalı var. Startda, ya sonradan meydana çıxması ilə bağlı qərar verməmişik. (Futbolpress)