Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib.


Rekord.az xəbər verir ki, EYOF-da Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Qız cüdoçulardan Gülşən Hüseynova (44 kq), Nuranə Hacızadə (48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq), Zemfira Əliyeva (+70 kq) mübarizə aparacaq.


Oğlan cüdoçulardan isə Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq), Məhəmməd Ağakişiyev (73 kq), Amin Mehdiyev (81 kq) və Sübhan Axundov (+90 kq) fəxri kürsüdə yer almağa çalışacaq.


Yığma turnirin son günündə qarışıq komanda yarışına qatılacaq. Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.


Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək. Festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.