AVF rəhbəri yeniyetmə voleybolçularla görüşüb
- 18:52
- 37
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Göygöl rayonunda yeniyetmə voleybolçularla görüş keçirib. "Rekord.az" xəbər verir ki, Göygöl rayon 1 saylı orta məktəbdə təşkil olunan görüşdə rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə Regional Voleybol Klubunun rəhbəri Nazim İsayev, klubun direktoru Sərxan Məmmədov, “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov və federasiya nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlar əvvəlcə gənc voleybolçuların məşq prosesini izləyib, onların hazırlıq səviyyəsi və məşq şəraiti ilə yaxından tanış olublar. Daha sonra federasiya prezidentinə regionda voleybolun inkişafı istiqamətində həyata keçirilən işlər, mövcud imkanlar və gələcək planlar barədə ətraflı məlumat verilib. Eyni zamanda idmançılar və məşqçilər üçün yaradılmış şərait, infrastruktur və təşkilati dəstək imkanları yerində qiymətləndirilib.
Görüşdə iştirak edən valideynlərlə və gənc idmançılarla söhbət aparılıb. Şahin Bağırov valideynlərə övladlarının idmana cəlb olunmasına göstərdikləri diqqət və dəstəyə görə təşəkkürünü bildirib, gənc voleybolçulara isə daha əzmlə çalışmağı, intizamlı olmağı və peşəkar səviyyəyə yüksəlmək üçün səylərini artırmağı tövsiyələr edib.
Federasiya prezidenti perspektivli voleybolçuların seçilərək Yüksək Liqada çıxış edən “Gəncə” klubunun heyətinə cəlb olunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə müvafiq tapşırıqlar verib. O, regionlarda voleybolun inkişafının federasiyanın əsas prioritetlərindən biri olduğunu qeyd edərək bu kimi görüşlərin davamlı xarakter daşıyacağını bildirib.
Görüşdə həmçinin qarşıdan gələn beynəlxalq yarışlara da toxunulub. AVF prezidenti hər kəsi avqust ayında Bakıda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının oyunlarını izləməyə və milli komandamıza dəstək olmağa dəvət edib. O, bu cür mötəbər turnirlərin ölkədə voleybola marağın daha da artmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Sonda Şahin Bağırov regionlarda aparılan məqsədyönlü işlərin nəticəsində gələcəkdə daha çox istedadlı və perspektivli voleybolçuların yetişəcəyinə inamını ifadə edib.