“Arada hirslənmək lazımdır” - Qurban Qurbanov
- 21:56
- 39
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 4:2 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xaldır. Fasilədən sonra komanda olaraq oyun ritmindən düşürük. Çox yaxşı, maraqlı oyun getdi. Qarşımızda da yaxşı rəqib var idi. Bu gün oyuna fərqli sistemdə başladılar. Biz fərqli hazırlaşmışdıq. Qarşımızda beşli müdafiə görəndə bəzi anlaşılmazlıqlar oldu. Amma get-gedə oyunu ələ ala bildik. Əsl futbol atmosferi var idi. Bütün azarkeşlərə təşəkkür edirəm.
Xoni Montiel üçün "Napoli" ilə oyunda start heyətdə oynamaq çətin olar. Bilirsiz ki, 1 ildən çoxdur start heyətində meydanda olmamışdı. Bir az narahatlığımız var idi. Bəlkə də onu çox oynatdıq. Düşündük ki, fasilədə 15 dəqiqə istirahət edib bir az da oyunda olsa, pis olmaz. Özünü yaxşı tərəfdən göstərdi. Ona öz idman formasını bərpa etmək üçün bir az vaxt lazım olacaq. "Napoli" ilə matçın gedişatında Montieli meydanda görə bilərik.
Elvin Cəfərquliyevin start heyətində olmaması sağlamlığı ilə bağlıdır. Neçə gün qızdırması oldu. Komanda ilə iki məşq edib. Bir az idman formasını itirib. Hazırda tam hazır deyil.
"Sumqayıt"ın futbolçusuna verilən qırmızı vərəqə ağır qərar ola bilər. Mən də videoya baxdım. Futbol kontakt oyunudur, aqressiv oyundur. Ola bilər ki, hansısa epizodda emosiyalarını saxlaya bilmirsən. Belə hallarda səhv qərarların olmamasının tərəfdarıyam. Fərqi yoxdur, bizə və ya rəqibə. Ola bilər ki, səhv qərar idi. Mən də bununla razılaşıram.
Həyatda ümumiyyətlə emosional olmayan insan var? Mateus Silvaya sarı vərəqə verilən epizodu deyirsizsə, arada nəsə demək lazımdır da. Oyunun əvvəlidir. Bəlkə də sarı vərəqə var idi. Amma maraqlı olur. Arada hirslənmək lazımdır”.