AFFA-dan “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək
- 20:00
- 21
AFFA sosial və ekoloji davamlılıq istiqamətindəki fəaliyyətini davam etdirərək IDEA İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Sevincini Bölüş” xeyriyyə kampaniyasına start verib.
Rekord.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində istifadə olunmayan, lakin yararlı vəziyyətdə saxlanılan oyuncaqların toplanması məqsədilə ilk ianə qutusu AFFA-nın inzibati binasında quraşdırılıb. Bu çərçivədə assosiasiyanın əməkdaşları, futbolçular, məşqçilər, hakimlər, habelə inzibati binaya gələn qonaqlar öz oyuncaqlarını həmin qutuya təqdim etməklə kampaniyaya töhfə verə biləcəklər.
Layihənin növbəti mərhələsində xeyriyyə qutusunun Premyer Liqa və Azərbaycan milli komandalarının ev oyunlarında stadionlarda da yerləşdirilməsi nəzərdə tutulur. Bu addımla kampaniyanın əhatə dairəsinin genişləndirilməsi və futbolun gücündən istifadə edərək cəmiyyətdə xeyriyyəçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi hədəflənir.
Kampaniya uşaqlara sevinc bəxş etməklə yanaşı, cəmiyyətdə paylaşma və sosial həmrəylik dəyərlərinin təşviqinə xidmət edir. AFFA bu təşəbbüsə qoşularaq futbol ictimaiyyətini xeyriyyə aksiyasında fəal iştirak etməyə təşviq etməyi, eyni zamanda istifadəyə yararlı oyuncaqların yenidən dəyərləndirilməsi vasitəsilə ətraf mühitin qorunmasına töhfə verməyi hədəfləyir.
Toplanan oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara çatdırılacaq. Eyni zamanda bu təşəbbüs yararlı əşyaların təkrar dəyərləndirilməsi yolu ilə tullantıların azaldılmasına və ətraf mühitin qorunmasına da öz töhfəsini verir.
AFFA bütün futbol ictimaiyyətini və vətəndaşları bu təşəbbüsə qoşularaq sevinclərini bölüşməyə dəvət edir. Xeyriyyə qutusu iyulun 30-dək AFFA-nın binasında olacaq.